SEPAH: Bu gün bizim hərbi silahlar sahəsində heç bir asılılığımız yoxdur

QafqazTimes xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun Dəniz Qüvvələrinin komandanı kontr-admiral Əlirza Təngsiri 12-ci Malik Əştər Festivalında çıxış edərkən şəhidlərin xatirəsini ehtiramla yad edərək deyib: “Mücahidlərin təpədən dırnağa qədər silahlanmış düşmənə qarşı əsl silahı iman, əqidə, inqilabi ruh və Uca Allahın lütfü idi.”

O, Fars körfəzini müxtəlif dövrlərdə düşmənlərin həmişə arzuladığı mühüm və strateji bölgə kimi qeyd edərək deyib: “Səddamın BƏƏS rejiminin neft platformalarımızı hədəfə aldığı müqəddəs müdafiə dövründə, imkan və avadanlıqların olmamasına baxmayaraq, bizim döyüşçülərin səyi ilə neft bir gün belə kəsilmədi.”

Təngsiri İranın silah və texnika sahəsində başqalarından asılılığının olmadığını bildirərək deyib: “Bu gün Hərbi Dəniz Qüvvələrində 10 min dəniz kilometri mənzilli raketlərimiz, müxtəlif qabiliyyətlərə malik, yerli istehsal olan gəmilərimiz, müxtəlif dərəcəli və müxtəlif missiyalara malik pilotsuz təyyarələrimiz var. Bunların hamısı bu millətin övladlarının bacarıqlı əlləri ilə istehsal olunub.”

İran İslam İnqilabı Keşikçiləri Korpusu Dəniz Qüvvələrinin komandanı daha sonra Allahın Fars körfəzindəki düşmənlərə qarşı lütfündən və xüsusi diqqətindən nümunələrə toxunaraq deyib: “Bu gün də düşmənlər bilirlər ki, mücahidləri bir birilərinə bağlayan halqa Uca Allaha iman və təvəkkül olduğu halda onlar heç bir iş görə bilməyəcəklər.”

O, üzbəüz döyüşdə uğursuzluğa düçar olan düşmənlərin soyuq savaşa üz tutduqlarını vurğulayaraq deyib: “Düşmənlər İran İslam Respublikasının dəyərli və böyük nailiyyətlərini gözləri götürməyən zaman, fitnə yaratmağa başlayırlar. Uzaqgörənlik və düşməni tanıma bu fitnələrə qalib gəlməyin əsas yoludur.”

Sonda admiral Təngsiri döyüşçülərin dənizdə, amerikalılara, ingilislərə və İslam düşmənlərinə qarşı uğur qazanmasının səbəbinin döyüşçülərin mənəviyyatında olduğunu bildirərək deyib: “Biz düşmənə qalib gəlməyin son mərhələsindəyik. Biz buna güclü iman, birlik və həmrəyliklə nail olacağıq.”

Related posts

Siyasi qumarbazlar

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur