Türkiyənin Hakkari vilayətinin Yüksekova rayonunda Vezirli məhəlləsi məryəmqurdu adlı böcəyin “işğalına məruz qalıb”.
Məhəllə camaatı saylarının gündən-günə artdığı böcəklərlə mübarizə etməkdə çətinlik çəkdiklərini deyiblər. Hətta yataqlarına qədər girən böcəklərin qorxusundan yata bilməyən məhəllə sakinləri səlahiyyətlilərdən kömək istəyiblər.
Məhəllədə demək olar ki, hər evdə görünən məryəmqurdu gün ərzində süpürgə ilə süpürülüb atılır.
Məhəllə sakinlərindən biri onların məhv edilməsi üçün effektiv dərmanlama aparılmasını istəyib.
“Əlimizdən süpürgə düşmür. Yataqların içinə, pərdələrə, tavana dırmaşırlar. Hər yerdən çıxırlar, təmizləməklə, süpürməklə bitmirlər. Elə bir nöqtədəyik ki, öhdələrindən gələ bilmirik. Hətta dərmanlama belə təsir etmir. Qulağımıza və burnumuza girəcəklər deyə qorxudan oyaq qalmağa çalışırıq”, – deyə o qeyd edib.
Məsələ ilə bağlı fikrini bildirən türkiyəli mütəxəssis Evin Polat Akköprü bu böcəklərin əslində elə də zərərli olmadıqlarını, çoxalmalarının əsas səbəbinin həmin bölgənin bataqlıq ərazidə yerləşməsi olduğunu deyib.
“Məryəmqurdu rütubəti, nəmliyi çox sevən və rütubətli mühitdə daha da çoxalıb nəsil artıran canlılardır. Tam olaraq zərərli olduqlarını deyə bilmərik. Əsas problem evlərə dolaraq insanları narahat etmələridir. Çoxalmalarına, həmçinin bu müddətdə yağıntıların çox düşməsi də səbəb ola bilər. Bununla belə onlar qurudulmuş ərazilərdə də çox sayda görünə bilərlər”, – deyə Evin Polat Akköprü bildirib.