Prokurorluq polis əməkdaşı Həşimli Elvin Elçin oğlunun barəsindəki bəraət hökmündən apellyasiya protesti verib.
Qeyd edilib ki, bəzi media səhifələrində etibardan sui- istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməkdə təqsirləndirilən Xətai Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin sabiq kiçik əməliyyat müvəkkili Həşimli Elvin Elçin oğluna Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bəraət verilməsi ilə bağlı informasiyalar yayılıb.
Bildirilib ki, Elvin Həşimlinin tanışı Möhkəm Səmədova birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olub gəlir əldə etmək adı ilə sonuncunun 2 milyon 59 min manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən olunduğundan Xətai Rayon Prokurorluğunda onun Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq – xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Həmin məhkəmənin 13.07.2022-ci il tarixli hökmü ilə Elvin Həşimliyə bəraət verilib.
21.07.2022-ci il tarixdə dövlət ittihamçısı tərəfindən qeyd edilən hökmdən məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, eləcə də cinayət qanunu normasının düzgün tətbiq edilməməsi əsasları ilə apellyasiya protesti verilib.