Səudiyyə müdafiə nazirinin ABŞ-a gizli səfəri və İranla bağlı məsləhətləşmələr

Amerikanın Axios veb saytı və Fox News kanalı Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salmanın ABŞ-a gizli səfəri və bu ölkənin rəsmiləri ilə İran və Qəzza müharibəsi barədə məsləhətləşmələr apardığını xəbər veriblər.
Qafqaz Times -ın məlumatına görə, Fox News kanalı və Amerikanın Axios mediasına danışan məlumatlı mənbələr bildiriblər ki, Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman cümə axşamı Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşərək İran və digər regional məsələlər barədə müzakirələr aparıb.

Bu görüş yalnız Trampla məhdudlaşmayıb; Ağ Evin xüsusi nümayəndəsi Stiv Vitkaf və ABŞ-ın müdafiə naziri Pit Heqset də danışıqlarda iştirak ediblər.

Görüşün üç əsas mövzusu İranla gərginliyin azaldılması, danışıqlar masasına qayıdış üçün səylər və Qəzza müharibəsinin bitməsi üçün danışıqlar prosesinin irəlilədilməsi olub.

Axios iddia edib ki, Səudiyyə Ərəbistanının müdafiə naziri Trampla görüşdən sonra İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Əbdülrəhim Musəvi ilə telefon danışığı aparıb; lakin bu iddianı indiyədək nə Səudiyyə, nə də İranın rəsmi mənbələri təsdiqləyib.

Axios yazıb ki, bu görüş İsrail rejiminin baş naziri Benyamin Netanyahunun bazar ertəsi Tramp ilə planlaşdırılmış görüşü ərəfəsində baş tutub və Tramp administrasiyasının Səudiyyə Ərəbistanı ilə İsrail rejimi arasında barışıq sazişi əldə etməyə yönəlmiş səylərinin bir hissəsi kimi qiymətləndirilir.

Fox News kanalı da öz mənbələrinə istinadla xəbər verib ki, Xalid bin Salman Trampla görüşdə Qəzza müharibəsinə son qoyulması, sağ və ya ölü vəziyyətdə qalan israilli əsirlərin azad edilməsi istiqamətində səylər müzakirə olunub.

Bu mənbələrin sözlərinə görə, “bütün cəbhələrdə irəliləyiş və nikbinlik müşahidə olunub” və tərəflərin əksər məsələlərdə ortaq baxışa malik olduqları bildirilib. Həmçinin qeyd olunub ki, Səudiyyə Ərəbistanı ABŞ ilə müdafiə və ticarət sahəsində bir sazişi yekunlaşdırmaq üzrədir.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib