Rostovda məktəbdə bıçaqlı hücum həyata keçirən doqquzuncu sinif şagirdi Qriqori B. barədə bəzi detallar məlum olub.
Bildirilir ki, 15 yaşlı yeniyetmə səhər saatlarında nənəsinin mətbəxindən bıçaq oğurlayıb və riyaziyyat dərslərindən əlavə hazırlıq üçün məktəbə erkən gedib. Ancaq oğlan “anonimus” maskasında təhsil müəssisəsinə girmək istəyəndə qapıçı qoymayıb. Bundan sonra Qriqori qadını hədələməyə başlayıb, onu yaralayıb. Həmin vaxt orada olan birinci sinif şagirdlərindən birinin babası münaqişəyə qarışanda kişiyə və yaxında olan ingilis dili müəlliminə bir neçə bıçaq zərbəsi endirib.
Yeniyetməni küçədə saxlamaq mümkün olub. Həmin vaxt Qriqori ona “xoxollar” və “polyaklar”ın hücum etdiyini deyərək qışqırıb.
Qriqorinin bıçağı məktəbə niyə aparması və onun hücum planlaşdırıb – planlaşdırmadığı dəqiq bilinmir. Tanışlarının dediyinə görə, oğlan yaxşı oxuyub və müəllimlərin ondan şikayəti olmayıb, təkcə, sosial elmlər müəllimi ilə anlaşmayıb – o, müəlliminin onu başa düşmədiyini deyirmiş.
Ümumilikdə isə Qriqorinin heç kimlə münaqişəsi olmayıb. Bununla belə digər şagirdlər onun qəribə olduğunu düşünürlər – onların dediyinə görə, Qriqori özü bu yaxınlarda onlarla ünsiyyəti dayandırıb.
Hücumdan sonra yeniyetmədə epilepsiya tutması olub.
Qriqorinin özü nənəsi ilə yaşayır, valideynləri isə boşanıblar. Bir gün əvvəl o, cəbhədən yaralandığı üçün qayıdan atası ilə görüşüb.