Sankt-Peterburqda (Rusiya) hərbi jurnalist Vladlen Tatarskinin öldüyü kafedə baş verən partlayışın tam videosu yayılıb.
Görüntüləri rusiyalı jurnalist Marat Arnis özünün sosial şəbəkə hesabında paylaşıb. Kadrlarda partlayışı törətməkdə şübhəli bilinən Sankt-Peterburq sakini, 1997-ci il təvəllüdlü Darya Trepova da əks olunub. Bundan əvvəl onun partlayış baş verməmiş zalı tərk etdiyi deyilirdi. Ancaq kadrlardan belə olmadığı görünür.
Xatırladaq ki, Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən Universitetskaya sahilindəki kafedə hərbi müxbir Vladlen Tatarski kimi tanınan Maksim Fominin yaradıcılıq gecəsi keçirilən zaman partlayış olub. Belə ki, özünü Nastya kimi təqdim edən Darya Trepovanın jurnalistə hədiyyə etdiyi kiçik heykəl partlayıb. Nəticədə V.Tatarski həlak olub.
Rusiya Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, partlayışda daha 40 nəfər xəsarət alıb, onlardan üçü yeniyetmədir.
Hadisəni törətməkdə şübhəli bilinən Darya Trepova saxlanılıb.