Rusiyada bir həftədə ikinci vulkan püskürdü: “Kül adamı” düzəltdilər – FOTO/VİDEO

Kamçatkada (Rusiya) Şiveluç vulkanının son 60 ilin ən güclü püskürməsi baş verib. Kül sütununun hündürlüyü 20 km olub.

Sosial şəbəkələrdə bununla bağlı yayılan kadrlarda yollar, binalar və avtomobillərin 8-9 sm kül təbəqəsi ilə örtüldüyü görünür. Yağıntı davam edir.

Ekspertlərin sözlərinə görə, Şiveluça ən yaxın yaşayış məntəqəsi olan Klyuçda bu qədər kül yağıntısı sonuncu dəfə 1964-cü ildə qeydə alınıb.

Bundan əlavə, kül buludunda elektrostatik gərginlik səbəbindən ildırım çaxır.

Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Bölməsinin Vulkanologiya və Seysmologiya İnstitutu vulkanın fəaliyyətinin aviasiya üçün təhlükə yaratdığını, ona görə də ona ən yüksək – “qırmızı” aviasiya təhlükə kodunun verildiyini bildirib.

Bununla belə şəhərdə sakinlər təlaş keçirmirlər: İnsanlar qoruyucu kostyumlarda gəzir və yağıntıdan “kül adamı” düzəldirlər.

Xatırladaq ki, Kamçatkada aprelin 6-dan “Bezımyannı” vulkanı da aktivləşib. Onun sonuncu püskürməsi zamanı kül sütununun hündürlüyü 10 min metr olub. Sosial şəbəkələrdə vulkanda tədqiqat aparmaq istəyən alimlərin kül “boranına” düşməsinin kadrları yayılıb. “Bezymyannı”ya da “qırmızı” aviasiya təhlükə kodu verilib.

Bundan başqa Kamçatkada 5,8 bal gücündə zəlzələ baş verib. Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin regional bölməsi məlumat yayıb. Təkanlar Petropavlovsk-Kamçatski şəhərindən 51 km məsafədə qeydə alınıb. Qurumdan bildirilib ki, bu, aprelin 3-də baş vermiş zəlzələnin afterşokudur və narahatlığa əsas yoxdur.

Related posts

Çaya görə “Ginnesin Rekordlar Kitabı”na düşənlər

NASA zondu öz rekordunu yenilədi: Günəşə ən yaxın məsafəyə çatdı

Uşaqlar gün ərzində nə qədər konfet yeyə bilərlər? – Rusiyalı pediatrdan tövsiyə