2022-ci il futbol üzrə dünya çempionatının başlanmasına saatlar qalmış Kriştianu Ronaldu və Lionel Messinin eyni vaxtda paylaşdıqları foto gündəm yaradıb.
İki ulduzun birlikdə şahmat oynadığını əks etdirən foto qısa zamanda böyük rəğbət qazanıb. Ronaldu və Messinin eyni vaxtda öz hesablarından paylaşdıqları bu görüntü ümumilikdə 63 milyondan çox bəyənmə toplayıb.
Maraqlı foto ilə bağlı həqiqət isə sonradan üzə çıxıb.
Belə ki, Ronaldu və Messinin çəkiliş üçün bir araya gəldikləri düşünülsə də, fotonun pərdəarxası görüntüləri məyus edib. Ronaldu və Messi sosial media hesablarında çəkilişdən videoları paylaşıblar. Görüntülərdən məlum olub ki, onlar heç də bir araya gəlməyiblər, hətta çəkilişlər də müxtəlif yerlərdə aparılıb.
Messinin pərdəarxası görüntülərində divar kağızlarının naxışlı, Ronalduda isə fonun sadə olduğu görünür. Ulduz futbolçular çəkiliş zamanı şahmat taxtası arxasında təkbaşına poza veriblər.
Müxtəlif vaxt və məkanlarda çəkilən şəkillər virtual formatda birləşdirilib və qeyd edilən foto ərsəyə gəlib.
Brendin sosial media hesabından paylaşılan pərdəarxası videolar isə qısa müddət sonra silinib.
Foto ilə bağlı həmçinin başqa məqam da məlum olub. Belə ki, şahmat taxtasındakı fiqurların düzülüşü də diqqət çəkib. Bununla bağlı ilkin ehtimallardan biri kimi fiqurların mövqeyinə görə kimin qalib gələcəyi fikri irəli sürülüb, lakin həqiqətin başqa cür olduğu anlaşılıb.
Şəkildəki şahmat fiqurlarının düzülüşü Maqnus Karlsen və Hikaru Nakamura arasında 2017-ci ildə “Norway Chess”in 3-cü tur matçındandır. 40 gedişdən sonra Nakamura (qara) və Karlsen (ağ) heç-heçə ilə razılaşaraq şahmat taxtasını tərk ediblər.