“Quska” İlham Əlyevə müraciət etdi: “Haqqımda deyilənlərin hamısı yalandır”

Keçmiş deputat və sahibkar, hazırda həbsdə olan Hüseyn Abdullayev (Quska) ona qarşı “əsassız cinayət təqibinin dayandırılması” xahişilə prezident İlham Əliyevə müraciət edib.

Almaniyadan sığınacaq alan Abdullayev qeyd edir ki, Türkiyədə qanunsuz saxlanılıb və Azərbaycana zorla deportasiya edilib, orada uydurma ittihamlarla həbs edilib.

Abdullayev xatırladır ki, Birləşmiş Millətlər Təşkilatının Özbaşına Həbslər üzrə İşçi Qrupu onun təqib edilməsinin beynəlxalq hüquqa zidd olduğunu tanıyıb və onun azad edilməsi barədə qərar çıxarıb.

“Uzun illər sizə mənim haqqımda yalan və böhtan xarakterli məlumatlar verən vəzifəli şəxslər bu qərarı yerinə yetirməyiblər”, – Abdullayev qeyd edir.

Onun fikrincə, həmin şəxslər Azərbaycan qanunlarına məhəl qoymayaraq, onun cəzasının 2/3 hissəsini çəkdikdən sonra cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsilə bağlı müraciətinə baxılmasını süni surətdə yubadırlar.

Abdullayev əmindir ki, dövlət başçısının bu “əzab və iztirablardan” xəbəri yoxdur və mərhum Heydər Əliyevin “ilk silahdaşlarından biri” olduğunu xatırladır. 1991-1992-ci illərdə buna görə Naxçıvanda təzyiq və təqiblərə məruz qalıb.

Abdullayev prezidenti əmin edir ki, onun heç bir siyasi ambisiyası və Azərbaycana qarşı “düşmən qruplarla” əlaqəsi yoxdur.

“Mənim haqqımda deyilənlərin hamısı açıq-aşkar yalan və böhtandır”, – Abdullayev yazır və dövlət başçısının ona qarşı əsassız cinayət təqibinə son qoyacağına əminliyini bildirir.

Öz növbəsində, Abdullayevin vəkili Rəsul Cəfərov Turan-a bildirib ki, indiki mərhələdə cəza müddətinin 2/3 hissəsinin çəkilməsinə görə azadlığa buraxılma üzrə hüquqi mexanizm var. Hələ iyulun əvvəlində müdafiə tərəfi müvafiq xahişlə müraciət edib.

Bu iş üzrə növbəti məhkəmə ilcası sentyabrın 5-nə təyin edilib.

Vəkil əlavə edib ki, Abdullayevin azadlığa buraxılmasının digər mexanizmi prezidentin əfv sərəncamı ola bilər.

*Hüseyn Abdullayev 1990-cı illərdə neft və neft məhsulları üzrə biznes sahəsində qabaqcıl mövqelər tutub. Onun əlaltıları müxalifətin etirazlarının dağıdılmasında iştirak ediblər.

2005-ci ildə Abdullayev parlamentin deputatı kimi fəaliyyətə başlayıb və Nazirlər Kabinetinin fəaliyyətini tənqid edib. 2007-ci ilin martında parlamentin iclasında deputat Fəzail Ağamalı Abdullayevi davaya təhrik edib. Amma təkcə Abdullayev cəzalandırılıb. O, əvvəlcə həbs edilib,  sonra xuliqanlığa görə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

2013-cü ildə  Azərbaycandan mühacirət edib. Bir müddət sonra ona qarşı vergi ittihamı ilə cinayət işi açılıb.

Almaniyada yaşayarkən kütləvi etirazlara çağıran bir sıra mahnılar bəstələyib və sosial şəbəkədə yayıb.

2018-ci il aprelin 22-də  Türkiyədə saxlanılıb və Azərbaycana ekstradisiya edilib.

Bakıda Cinayət Məcəlləsinin 192.2.2 (böyük gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 178.2.1 (fırıldaqçılıq), 178.2.2, 178.2.4 (fırıldaqçılıq), 182.2.1 (əvvəlcədən əlbir olmuş şəxslər tərəfindən hədələmə yolu ilə pul tələb etmə), 182.2.2 (eyni əməllər təkrar törədildikdə) və 182.2.4-cü (eyni əməllər, zərərçəkmişə böyük ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham edilib.

Bundan sonra 6 il müddətinə azadlıqdan məhrum edilib.

2020-ci ilin avqustunda Birləşmiş Millətlər Təşkilatının Özbaşına Həbslər üzrə İşçi Qrupu Hüseyn Abdullayevin dərhal azadlığa buraxılması barədə qərar çıxarıb.

Related posts

Pezeşkian: Siz bizim qardaşlarımızsınız

ABŞ-ın proksisi İsrail, İsrailin proksisi Azərbaycan… – Video

Qusarçayın üzərindəki körpü BAĞLANDI – FOTO/VİDEO