Qardian qəzetinin İsrailin təhlükəsizlik mənbələrinə istinadən yaydığı məlumata görə, indiyə qədər 30 israilli genişmiqyaslı casusluq şəbəkəsinin tərkibində İran üçün çalışıb.
Qafqaz Times -ın məlumatına görə, Qardian qəzetinin reportajında bildirilir ki, sionist rejimin təhlükəsizlik xidməti İsrailin İrana hücumundan əvvəl, Tehrana casusluq edən vətəndaşlarından ibarət geniş şəbəkəni aşkarlayıb ki, bu, onları təəccübləndirib.
Hesabatda qeyd olunub ki, 2024-cü ilin aprelində İranın işğal olunmuş ərazilərə ilk raket hücumundan bəri 30-dan çox israilli İran kəşfiyyat qurumları ilə əməkdaşlıqda ittiham olunub.
Hesabatda deyilir ki, çox vaxt əlaqə tanınmayan mesajlarla başlayır, qarşı tərəf kiçik məlumatlar və ya xırda işlər müqabilində pul təklif edirdi. Daha sonra vəzifələr daha riskli olduqca ödənişlər də artırılırdı.
Bununla belə, çoxlu israillilər kiçik tapşırıqları icra etməyə hazır idilər və görünür, bu casusluq İranın ballistik raketləri üçün gələcəkdə hədəf olacaq strateji obyektlər barədə məlumat toplanmasına imkan verib.
İsrail mənbələrinin bildirdiyinə görə, əvvəlcə bu şəxslərə şifrəli mesajlar və Telegram linkləri göndərilirdi. “Tehran-Qüds” və ya “Xəbər agentliyi” imzası ilə göndərilən mesajlarda afişa yapışdırmaq, foto çəkmək və ya divara şüar yazmaq kimi sadə görünən işlər müqabilində pul təklif edilirdi.
Hesabatda deyilir ki, maraq göstərən şəxslərə naməlum vasitəçilər vasitəsilə “PayPal” və ya kriptovalyuta ilə ödəniş almaq üçün proqram qurmaq tövsiyə edilirdi.
Sionist rejimin mənbələri bəzi tapşırıqların Nəvatim hərbi bazası, Hayfa limanı, Dəmir Qübbə sistemləri kimi həssas hərbi obyektlərin və hətta sonradan İranın raket hücumuna məruz qalan Vayzman İnstitutundakı alimlərin evlərinin fotosunun çəkilməsini əhatə etdiyini bildiriblər.
Hesabatda qeyd olunub ki, İran bu müharibədə ballistik raketlərlə Vayzman İnstitutuna hücum edib və casuslar tərəfindən çəkilmiş fotoların hədəfləri müəyyənləşdirməkdə istifadə olunduğu ehtimal olunur.
Bununla belə, indiyədək bu 30 nəfərdən yalnız biri barəsində qəti hökm çıxarılıb, qalanlarının işi hələ davam edir.