Qarabağda mina partladı: Ölənlər var (Video izlə)

Xarici İşlər Nazirliyi Ağdamın Yusifcanlı kəndi ərazisində mina partlaması nəticəsində iki nəfərin həlak olması ilə bağlı məlumat yayıb. 

XİN-in məlumatına görə, 16 mart 2023-cü il tarixində Ağdam rayonunda mina partlayışı nəticəsində iki nəfər dinc sakin həlak olub. 

“Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Ağdam rayonunun Səfərli qəsəbə sakinləri 1999-ci il təvəllüdlü İsrail Həsənov və 1987-ci il təvəllüdlü Amid Həsənovun rayonun işğaldan azad edilmiş Yusifcanlı kəndi ərazisində mina partlayışı nəticəsində ölməsi faktı üzrə prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb.

Bununla, 2020-ci ildə 44 günlük Vətən müharibəsindən indiyə qədər ümumilikdə 286 nəfər mina qurbanı olmuş, onlardan 48 nəfər həlak olmuşdur. 

Ağdamda baş verən mina partlayışı bir daha onu göstərir ki, Azərbaycana yararlı və düzgün mina xəritələrini təqdim etməyən, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatın 6-cı bəndini kobudcasına pozaraq Azərbaycan ərazisində hərbi fəaliyyəti, minaların daşınmasını və yerləşdirməsini davam etdirən Ermənistanın əsas məqsədi post-münaqişə dövründə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, bu ərazilərdə fəaliyyət göstərən mülki əhaliyə, habelə məcburi köçkünlərin geri qayıtmasına və öz yerlərində dinc yaşamasına maneçilik yaratmaqdır.

Ermənistanın bu addımları regionda sülh, təhlükəsizlik və əməkdaşlığın reallaşdırılmasına başlıca əngəl olmaqda davam edir.

Beynəlxalq ictimaiyyəti Ermənistanın beynəlxalq öhdəliklərini kobud şəkildə pozmasına, o cümlədən məqsədli şəkildə minalar yerləşdirmək siyasətinə göz yummamağa və Ermənistandan beynəlxalq hüquq qarşısında üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməsini tələb etməyə çağırırıq”, – deyə qurumdan bildirilib.

Related posts

Qusarçayın üzərindəki körpü BAĞLANDI – FOTO/VİDEO

Bakıda həbsxanada ölüm baş verib

Bakının mərkəzində kişinin başı kəsildi – Hadisə yerindən GÖRÜNTÜLƏR – VİDEO