Qadınla iki körpəsini taksidən zorla düşürərək çantalarını ourlayan sürücü həbs edildi

Bu günlərdə Sumqayıtda müştəriyə qarşı xuliqanlıq hərəkətləri etməkdə təqsirli bilinən taksi sürücüsü həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində  baş verib. Belə ki, taksi şirkətlərindən birinin sisteminə qoşulmuş 1988-ci il təvəllüdlü Taleh Məmmədov sifariş əsasında “Renault” markalı avtomobili ilə klinikanın qarşısındakı 35 saylı binanın yaxınlığına gələrək gözləyib. Bir qədər keçdikdən sonra xanım müştəri iki körpəsi və çantaları ilə ona yaxınlaşıb. Sürücü qadına onu 16 dəqiqə gözlədiyini bildirərək irad tutub və buna görə əlavə ödəniş tələb edib. Müştəri isə bundan imtina edib. Taksi sürücüsü sükan arxasından düşərək arxa oturacağa əyləşmiş qadını və körpələrini zorla aşağı düşürüb və sürərək uzaqlaşıb.

Hadisə barədə qadının polisə müraciət etməsindən sonra axtarış tədbirləri həyata keçirilib və bir neçə gün sonra Taleh saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib və Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.

Məhkəmədə zərərçəkən qadın bildirib ki, iki uşağını özü ilə gətirdiyinə və yükü çox olduğuna görə taksiyə iki-üç dəqiqə gec yaxınlaşıb. Bu zaman sürücü onu təhqir edərək maşından düşürüb. O, həmçinin taksi sürücüsünün onları maşından endirdikdən sonra içində 10 kiloqram ət, xalça və paltarlar olan çantasını da özü ilə apardığını bildirib.

Taleh Məmmədov isə qadının dediklərini inkar edib:

“Sərnişin proqramda müəyyən olunmuş vaxtda taksiyə yaxınlaşmadı, onu 16 dəqiqə gözləmək məcburiyyətində qaldım. Gəlib iki uşaqla birgə əyləşdi. Ondan niyə gec gəldiyinin səbəbini soruşdum və əlavə pulun verilməli olduğunu bildirdim. Lakin o, pulu verməkdən imtina etdi və mənə qarşı nalayiq ifadələr işlətdi. Onları aparmaqdan imtina edərək avtomobilimdən düşmələrini tələb etdikdə qadın imtina edərək avtomobilin qapısını əli ilə saxladı. Sükan arxasından düşərək sərnişinin qapısını örtüb həmin yerdən uzaqlaşdım. Həmin vaxt avtomobilimdə heç bir əşya qalmayıb”.

Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə taksi sürücüsü 34 yaşlı Taleh Məmmədova 10 sutka həbs cəzası verilib.

Related posts

Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi

Pezeşkian: Siz bizim qardaşlarımızsınız

ABŞ-ın proksisi İsrail, İsrailin proksisi Azərbaycan… – Video