Qətər nümayəndə heyəti Qəzzədə atəşkəs razılaşmasının davamı üçün bu gün səhər (7 may) Qahirəyə gedib.
Əl Aləm telekanalının məlumatına əsasən, Qətər XİN sözçüsü Macid Əl Ənsari dövlət nümayəndə heyətinin İsrail-Həmas arasında vasitəçilik məqsədi ilə Qahirəyə səfərindən xəbər verərək deyib: Qəzzədə dərhal atəşkəs olacağına ümid edir, həmçinin israilli girovlar qarşılığında fələstinli əsirlərin mübadiləsi barədə razılıq əldə olunacağına inanırıq.
Həmasın təklif paketini cavablandırmasını müsbət dəyərləndirən Macid Əl Ənsari həmçinin müzakirələrin nəticə verəcəyinə də ümid etdiyini bildirib.
Qeyd edək ki, dünən (6 may) HƏMAS Misir və Qətərdən olan vasitəçilərə atəşkəs təklifini təsdiqlədiyi barədə məlumat verib.
HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Həniyyə Qətərin baş naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani və Misir Baş Kəşfiyyat İdarəsinin rəhbəri Abbas Kamellə telefon danışığı zamanı danışıqlar zamanı HƏMASın təklif edilən atəşkəs layihəsini təsdiqlədiyini bildirib.