ABŞ prezidenti Donald Trampın ABŞ-ın İranla müharibədə İsraili “xilas etdiyini” və indi Netanyahu-nu onun adlandırdığı “cadugər ovundan” xilas edəcəyini bəyan etməsindən sonra İsrailin baş naziri Benyamin Netanyahu 26 iyunda uzun müddətdir davam edən korrupsiya məhkəmə işində ifadə verməsini təxirə salmağı Qüds məhkəməsindən xahiş edib. Netanyahu “regional və qlobal hadisələri” və hüquq komandasının “təcili milli təhlükəsizlik məsələləri” kimi xarakterizə etdiyi məqamlara diqqət yetirmə zərurətini əsas gətirib.
Bu müraciət Trampın İsrailə məhkəmə işini tamamilə ləğv etməyi açıq şəkildə çağırmasından bir gün sonraya təsadüf edir.
Netanyahu-nun vəkili Amit Hadad tərəfindən təqdim edilən ərizədə, növbəti iki həftə üçün planlaşdırılan dinləmələrin ləğv edilməsi xahiş olunub. Ərizədə baş nazirin “bütün vaxtını və enerjisini” İsrailin hazırkı müharibələrinə – Qəzzada döyüşlərə və İranla son 12 günlük qarşıdurmaya – həsr etməyə məcbur olduğu qeyd olunub.
Tramp 26 iyunda Truth Social hesabında uzun bir şərh yayımlayaraq məhkəmə işini “cadugər ovu” adlandırıb və “DƏRHAL ləğv olunmalı, ya da Böyük Qəhrəmana əfv verilməlidir” deyib.
Bu şərhlər İsrailin ifrat sağçı düşərgəsindən Netanyahu-nu hüquqi məsuliyyətdən qorumaq üçün artan təzyiqlərin fonunda gəlib.
İsrail müxalifəti dərhal reaksiya verib. Müxalifət lideri Yair Lapid Ynet-ə müsahibəsində “Prezident Trampa minnətdarıq, amma… prezident müstəqil bir ölkədə məhkəmə işinə qarışmamalıdır,” deyib.
Onun fikirlərinə Knessetin hüquq məsələləri komitəsinə sədrlik edən və daha əvvəl məhkəmə sistemini məhdudlaşdırmağa çalışmış koalisiya üzvü Simxa Rotman da qoşulub.
Rotman ABŞ müdaxiləsinin “İsrailin regional və qlobal güc imicini banan respublikasına (“Banan respublikası” – siyasi leksikonda zəif, qeyri-sabit, korrupsiyalaşmış, xarici təsirlərə asılı və müstəqil qərar qəbul etmək qabiliyyəti olmayan ölkələr üçün alçaldıcı bir ifadədir) çevirə biləcəyini” xəbərdarlıq edib.
Netanyahu İsrailin ən uzun müddət hakimiyyətdə olan lideri olsa da, 2020-ci ildən bəri bir neçə korrupsiya ittihamı ilə üzləşib.
Bir işdə o və həyat yoldaşı Sara milyarder dostlarından siyasi güzəştlər müqabilində siqar, zinət əşyaları və şampan da daxil olmaqla 260 min dollardan çox dəyərində lüks hədiyyələr qəbul etməkdə ittiham olunurlar.
Daha iki işdə isə Netanyahu media məzmununa nəzarət etmək üçün tənzimləmə və ya kommersiya güzəştləri təklif etməkdə günahlandırılır.
Dəfələrlə təxirə salınan bu məhkəmə işi İsrailin daxili siyasi və hüquqi mübarizəsinin əsas ocaqlarından birinə çevrilib.
Milli Təhlükəsizlik Naziri İtamar Ben Gvir və Xarici İşlər Naziri Gideon Saar da daxil olmaqla bir neçə ifrat sağçı nazir məhkəmə işini qeyri-legitim adlandırıb və ittihamların tamamilə ləğv olunmasını tələb ediblər.