Netanyahu cənub Suriyanın “hərbsizləşdirilmiş zona” olaraq qalmasını tələb edir, Dürziləri qoruyacağına söz verir

Suriya hökuməti ilə əlaqəli bədəvi qüvvələr, elan edilmiş atəşkəsə baxmayaraq, Dürzilərə qarşı yeni hücum planlaşdırdıqlarını bildirirlər

İsrailin Baş naziri Benyamin Netanyahu 17 iyulda bəyan edib ki, İsrail Suriyada hərbi gücdən istifadəni davam etdirəcək – məqsəd cənub bölgəsinin hərbsizləşdirilməsi və Suveydada yaşayan Dürzi əhalisinin müdafiəsidir. O, bu iki məsələni İsrailin “qırmızı xətləri” adlandırıb.

Netanyahu bu açıqlamanı, İsrail qüvvələrinin Dəməşqdə Prezident sarayının yaxınlığında da daxil olmaqla, Suriya hərbi və hökumət hədəflərinə genişmiqyaslı zərbələr endirməsindən bir gün sonra videomüraciət formasında yayımlayıb.
“Biz aydın siyasət müəyyən etmişik: Dəməşqin cənubundan, Colan təpələrindən Dürzi dağlarına qədər uzanan ərazi hərbsizləşdirilməlidir – bu, birinci qırmızı xətdir. İkinci qırmızı xətt isə bizim qardaşlarımızın qardaşları – Dürzilərin qorunmasıdır,” – deyə o bildirib.

Netanyahu Suriya Prezidenti Əhməd Əl-Şəraa hökumətini bu iki prinsipi pozmaqda birbaşa ittiham edib.
“O, Dəməşqin cənubuna, hərbsizləşdirilməli olan əraziyə ordu göndərdi və Dürzilərin qətliamına başladı. Biz bunu heç bir halda qəbul edə bilməzdik,” – deyə Netanyahu vurğulayıb.

İsrail baş naziri qeyd edib ki, Suriya hökumətinin elan etdiyi son atəşkəs – hansı ki, mübahisəli bölgələrdən hökumət qoşunlarının geri çəkilməsini nəzərdə tutur – diplomatiya nəticəsində deyil, məhz hərbi güclə əldə olunub.
“Bu, xahişlərlə yox, güc tətbiq olunaraq əldə olundu. Biz hərəkət etdik və zəruri olduqda yenidən hərəkət edəcəyik,” – deyə o əlavə edib.

İsrail ordusu hədəf aldığı bütün nöqtələrin siyahısını açıqlamasa da, regional media cənub Suriyada – xüsusilə Dəra və Suveyda şəhərləri ətrafında – ağır bombardmanların həyata keçirildiyini bildirib. Həmin hücumlar bölgədə, xüsusilə də Dürzilərin yaşadığı Suveyda əyalətində son bir həftədə artan zorakılıq dalğasının ardınca gəlib.

Suriya hökumətinin atəşkəs elan etməsinə baxmayaraq, sahədəki döyüşlər davam edir.

Cümə axşamı günü Reuters-ə danışan suriyalı bədəvi komandir bildirib ki, bədəvi döyüşçülər Suveydada Dürzi qüvvələrə qarşı yeni hücuma başlayıblar. O qeyd edib ki, elan olunmuş atəşkəs yalnız hökumət qüvvələrinə aiddir, bədəvi birləşmələr bu razılaşmaya tabe deyil. Komandirin iddiasına görə, hücumun məqsədi Dürzi silahlı qruplar tərəfindən son qarşıdurmalar zamanı əsir götürülən bədəvi şəxslərin azad edilməsidir.

Qarşıdurmalar bazar günü, Dəməşq–Suveyda magistral yolunda Dəməşq yönümlü bədəvi silahlıların yoxlama məntəqəsi qurması ilə başlayıb. Onlar bir gənc Dürzini soyub, amansızcasına döyüblər. Bu isə silsilə cavab hücumlarına və hökumətin müdaxiləsinə səbəb olub.

Suriya İnsan Hüquqları Müşahidə Qrupunun (SOHR) məlumatına görə, bazar günündən bəri baş verən döyüşlər nəticəsində azı 250 nəfər ölüb. “Onlardan ən azı 21-i hökumətyönlü qüvvələr tərəfindən məhkəməsiz edam edilmiş mülki şəxslərdir,” – deyə SOHR bildirib.

Qurum əlavə edib ki, Suveydada humanitar vəziyyət “kəskin şəkildə pisləşib.”

Yayımlanan video və fotomateriallarda Suriya hökumət qüvvələrinin Dürzilərə qarşı sektar çağırışlar etdiyi, silahsız Dürzi ağsaqqalları (dini liderləri) girov götürdüyü və onların ənənəvi bığlarını kəsdiyi əks olunub.

Digər görüntülərdə isə hökumət və ona bağlı bədəvi silahlı dəstələr tərəfindən edam edilən, silahsız dini liderlərin cəsədləri göstərilir.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib