Nazirlik komanda-qərargah əməliyyatının görüntülərini yaydı – FOTO

Fövqəlаdə Hallar Nazirliyinin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı Mülki müdafiə qoşunlarının qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda komanda-qərargah təlimi keçirilib.

Nazirlikdən verilən məlumata görə, təlimə Nazirliyin Mülki müdafiə qoşunlarının hərbi hissələri cəlb olunub.

Təlimin keçirilməsində əsas məqsəd fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı Mülki müdafiə qoşunlarının fəaliyyət istiqamətinə uyğun komandir-rəis heyətinin əməliyyat şəraitinin qiymətləndirilməsi, təhlilin aparılması, təkliflərin hazırlanması, qərarların qəbul edilməsi, qüvvə və vasitələrin idarə edilməsi üzrə vərdişlərinin daha da təkmilləşdirilməsindən ibarət olub.

Təlim zamanı Mülki müdafiə qoşunları şərti olaraq zəlzələ, sel, subasma və digər şərti fövqəladə hal baş vermiş ərazidə ümumi və xüsusi kəşfiyyatın aparılması, ərazinin mühafizəsi, əraziyə giriş-çıxışın məhdudlaşdırılması, dağıntı zonasında xilasetmə işlərinin aparılması, yanğınların söndürülməsi, ətrafa dağılan güclü təsirli zəhərləyici maddələrin neytrallaşdırılması və yayılmasının qarşısının alınması, partlayış baş vermiş obyektdə axtarış-xilasetmə işlərinin həyata keçirilməsi, zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi, insanların təhlükəsiz ərazilərə köçürülməsi və onların ilkin həyat təminatının təmin edilməsi məqsədilə çadır şəhərciyində yerləşdirilməsi üzrə fəaliyyətləri yerinə yetirilib.

Ümumilikdə təlimə Mülki müdafiə qoşunları tərəfindən 1 021 nəfərdən ibarət şəxsi heyət, 163 ədəd müxtəlif təyinatlı texnika cəlb olunub.

Uğurla yerinə yetirilən təlim zamanı qarşıya qoyulan məqsədlərə nail olunub.

Related posts

Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi

Pezeşkian: Siz bizim qardaşlarımızsınız

ABŞ-ın proksisi İsrail, İsrailin proksisi Azərbaycan… – Video