NATO-nun Azərbaycan xülyaları

Qafqaztimes xəbər verir ki, İngiltərənin Şimali Atlantika Müqaviləsi Təşkilatındakı (NATO) keçmiş səfiri Ser Adam Tomson şəxsi saytında yerləşdirdiyi yazıda Qafqazda, xüsusən də Azərbaycanda baş verən son hadisələr barədə fikir söyləyərək, NATO və Qərb ölkələrinin planlarını şərh edib. Onun “NATO-nun Xəzər dənizi sahilindəki şirin arzusu” başlıqlı yazısı belədir:

“2020-ci il Ermənistan-Azərbaycan müharibəsi noyabrın 10-da NATO-nun Minsk qrupundakı üzvlərinin səhlənkarlığı və Rusiyanın fürsətdən istifadə etməsi ilə Moskvanın maraqlarına uyğun şəkildə başa çatdı və qeyri-müəyyən razılaşmalar əsasında qeyri-sabit bir sülh yaradıldı. BMT Baş Assambleyasının 243/62 saylı qətnaməsinə əsasən, Ermənistan Dağlıq Qarabağı Azərbaycana vermək məcburiyyətində qalsa da etnik iğtişaşların və ərazi müharibələrinin kölgəsi hələ də Cənubi Qafqaza ağırlıq etməkdədir.

Cənubi Qafqazda Rusiya və Türkiyənin hərbi fəaliyyətinin genişlənməsi, Moskva və Ankara tərəfindən sülhün himayəsi altında Dağlıq Qarabağda yeni hərbi bazaların qurulması ilə bölgədə təhlükəsizlik tarazlığı pozuldu.

Qalıcı beynəlxalq sülhün keşiyində duran NATO həmişə Rusiya ilə ziddiyyət təşkil etmişdir. Azərbaycan NATO ilə “Sülh Naminə Fərdi Tərəfdaşlıq” çərçivəsində bir əməkdaşlığa başladı. Türkiyə NATO adından Azərbaycanın hərbi strukturunu və texnikasını NATO standartlarına uyğun olaraq yenidən qurdu. Bakı hələ NATO üzvü olmasa da, NATO-nun bölgədəki ciddi müttəfiqlərindən biri kimi xüsusi əhəmiyyətə malikdir. Rusiyanın, xüsusən də rus qoşunlarının Cənubi Qafqazda birbaşa iştirakı NATO üçün qəbuledilməzdir.

Türkiyənin Azərbaycan ordusunu NATO nəzarəti altında nizama salmaq səyləri təqdirəlayiqdir. Türkiyənin Azərbaycan ilə ərazi bağlantısı NATO-nun Xəzər dənizi sahilləri ilə ərazi bağlantısı hesab olunur və bu, 15 ildir ki, Türkiyə və NATO-nun gündəmində olan bir layihədir. Ərazi genişləndirilməsi və quru yolu ilə Xəzər sahillərində NATO-nun yerləşdirilməsi həmişə NATO-nun əlçatmaz strategiyalarının bir hissəsi olmuşdur. NATO-nun Xəzər sahillərinə çıxışı dəqiq planlaşdırma tələb edən mühüm bir hədəfdir. NATO bölgədə sabitliyə xidmət edən bütün addımları dəstəkləyir. NATO Azərbaycanın Ermənistanla torpaq mübadiləsi və Naxçıvanın Azərbaycana birləşdirilməsi ilə bağlı danışıqlarını qətiyyətlə dəstəkləyəcəkdir. NATO bunu öz hədəfləri üçün irəliyə doğru müsbət bir addım olaraq görür. Əlbəttə, İrəvanın İranla sərhəddən imtina etməsi onun üçün çox ağrılı və ölümcül olacaq, bu da Ermənistana cəlbedici və stimul verici zəmanətlər təklif etməyi tələb edir.

Əgər Naxçıvan Azərbaycana quru yolu ilə – mümkün olan hər hansı bir şəkildə bağlanarsa, Azərbaycanın NATO -ya qoşulma istəyinin ən qısa zamanda qəbul edilməsi üçün hər şey hazır olacaqdır. Azərbaycanın NATO-ya qoşulması (Türkiyə vasitəsilə NATO ilə ərazi əlaqəsi şərtilə) NATO-nun şərqə doğru genişlənmək strategiyasını həyata keçirməsində çox böyük bir addım olacaqdır. NATO-nun Xəzər dənizinin qərb sahillərində yerləşdirilməsi NATO-nun İranla qonşuluğu və Rusiyanın cənubdan mühasirəsinin tamamlanması deməkdir. NATO -nun Xəzər dənizinin qərb sahillərində yerləşdirilməsi ilə NATO-nun Çinlə qonşuluğuna yalnız bir addım qalır və bu isə Qazaxıstanın NATO-ya üzvlüyü ilə tamamlanacaqdır.

Bundan sonra İngiltərə ABŞ-ın dəstəyi ilə NATO adı altında asanlıqla strateji hökmranlığını Bakı sahillərindən Tehran və Moskvaya tətbiq edə bilər.

NATO-nun Minsk Qrupundakı üzvlərinin 2020-ci il Ermənistan-Azərbaycan müharibəsindəki strateji səhlənkarlığı Rusiyanın Dağlıq Qarabağda mövqe qazanmasına səbəb oldu. Lakin bu səhlənkarlıq Naxçıvanın Azərbaycana birləşməsi ilə əvəzlənə və NATO-nun Cənubi Qafqazda Moskva və Tehran ilə strateji rəqabətində qalibiyyət kartı ola bilər.

Mən Baş Naziri (İngiltərə Baş nazirini), 15 illik NATO layihəsinin tamamlanması istiqamətində son addımların atılması üçün tarixin bu həssas kəsimində əlindən gələni etməyə çağırıram. London ABŞ və Avropa Birliyinin köməyi ilə NATO adı altında Azərbaycanın Naxçıvanı özünə birləşdirmək səylərini dəstəkləməlidir. Bu koalisiya eləcə də İrəvanı İranla cənub sərhədini tərk etməyə qane etməlidir. Naxçıvanın Azərbaycana birləşdirilməsi və Bakının NATO-ya qoşulması ilə NATO-nun Çin sərhədinə qədər genişlənməsi arzusu gerçəkləşəcəkdir.”

Related posts

Demo+terror+kratiya

Rusiya və ABŞ arasında oyunun sonu

Qəzza Qəssabı dünyanı xilas edəcək?