Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha bir nəfər saxlanılıb. Polisə Natiq adlı şəxsin rayon ərazisində narkotiklərin satışını həyata keçirdiyi barədə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Həmin şəxs – Natiq Kazımov tutularaq Polis İdarəsinə gətirilib. Onun üzərində şəxsi axtarış aparılan zaman 90 qram metamfetamin aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq Natiq Kazımovun idarə etdiyi avtomobildən əlavə 2 kiloqramdan artıq heroin, 4 kiloqram 190 qram marixuana və narkotiklərin satışında istifadə etdiyi qeyd dəftərçəsi aşkar edilib.
Saxlanılan şəxs narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu naməlum İran vətəndaşından Bakı şəhərində satmaq məqsədi ilə aldığını bildirib.
Aşkar edilən faktla bağlı İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb. Nizami rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində əməliyyatlar davam etdirilir.