İran Xarici İşlər Nazirliyinin sözçüsü İsveçdə Qurani-Kərimə qarşı hörmətsizliyi kəskin şəkildə pisləyərək deyib: Dünyanın digər müsəlmanları və azad düşüncəli insanları kimi İran hökuməti və xalqı da belə təhqirləri qəbuledilməz sayır.
Nasir Kənani İsveç hökumətinin islamofobları tərəfindən Qurani-Kərimə qarşı hörmətsizliyin təkrarlanmasına icazə verməsinə reaksiya olaraq deyib: Milyonlarla müsəlmanın qlobal həcc konqresində toplaşdığı bir vaxtda müqəddəslərimizə hörmətsizliyin təkrarlanmasına zəmin yaratmaq təxribat xarakterli, düşünülməmiş və qəbuledilməz bir hərəkətdir.
N.Kənani sonda vurğulayıb: Rəsmi Stokholma gələcəkdə beynəlxalq müqəddəslərə qarşı təhqirlərin təkrarlanmasının qarşısını almaq, bununla bağlı məsuliyyətlərinə ciddi diqqət yetirmək tövsiyə olunur.
Qeyd edək ki, qurban bayramı ərəfəsində İsveç polisi Stokholmdakı məscidin qarşısında Qurani-Kərimin yandırılmasına icazə verib.
İsveç hökuməti bu təhqiramiz hərəkəti ifadə azadlığı ilə əsaslandırır və qərarı müdafiə edir.
Qeyd edək ki, yanvar ayında oxşar aksiya Türkiyənin İsveçdəki səfirliyi qarşısında günlərlə etirazlara səbəb olmuş və ölkənin NATO-ya üzvlüyünün dondurulmasına səbəb olmuşdu.
Bu nifrət dolu hərəkət Avropada islamofobiya, irqçi və ayrı-seçkilik hərəkətlərinin həyəcanverici səviyyəyə çatdığına dair daha bir nümunədir.