“Müdafiə Xətti” İnsan Haqları Təşkilatının 2022-ci ilin 11 iyul-24 iyul tarixləri arasında Azərbaycanda qeydə aldığı hüquq pozuntuları ilə bağlı 48 saylı bülleteni.
11 iyul 2022-ci il. İkinci Qarabağ Müharibəsinin iştirakçısı Elvin Cəfərov Sabirabad Rayon İcra Hakimiyyətinin qarşısında özünü yandıraraq intihar edib. Qazi Elvin Cəfərov intiharadək sosial tələblərlə çıxış edib, rayon icra hakimiyyətinin başçısının onu qəbul etməməsindən şikayət edib.13 iyul 2022-ci il. Bir qrup qazi tərəfindən KİM tv-nin redaktoru Abid Qafarovun barəsində verilmiş xüsusi ittiham qaydasında şikayətə baxılıb. Yasamal Rayon Məhkəməsinin qərarı ilə Abid Qafarov 1 il müddətə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 147.1 (böhtan) və 148-ci (təhqir) maddələrilə təqsirli bilinib. Abid Qafarov qaziləri təhqir etməkdə, onları “müti” adlandırmaqda ittiham olunurdu.20 iyul 2022-ci il. Milli Şura Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublunun təşəbbüsü ilə “Quru sərhədləri açın” tələbilə Nazirlər Kabineti qarşısında keçirilən piket zorakılıqla dağıdılıb. “Müdafiə Xətti” bildirir ki, dinc şəkildə piketə toplaşan 40-dan çox aksiyaçı saxlanılıb. Müsavat Partiyasının üzvü Əziz Məmiyev saxlanılarkən işgəncəyə məruz qalıb. O, polisə müqavimət ittihamı ilə 1 ay müddətinə inzibati qaydada həbs edilib.22 iyul 2022-ci il. Ceyhun Balaşov və Rəhman Bağırov adlı inanclı şəxslər saxta ittihamlarla 30 sutka ərzində inzibati qaydada həbs ediliblər.22 iyul 2022-ci il. Almaniyadan deportasiya olunan müxalif fəal Ziya İbrahimli Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə (Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə) ittiham olunaraq, barəsində 2 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.24 iyul 2022-ci il. Suraxanı Rayon Məhkəməsində Müsəlman Birliyi Hərəkatının üzvü Mahir Əzimovun məhkəməsi keçirilib. M. Əzimov Cinayət Məcəlləsinin 234.4.3. (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə şübhəli şəxs qismində məhkəmə önünə çıxarılıb və onun barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.