Şirvanda qanunsuz olaraq silah və döyüş sursatları saxladığına görə tutulan və şəhərdə “Demanlı Gündüz” adı ilə tanınan kriminal avtoritet Gündüz Novruzovla bağlı yeni məlumatlar üzə çıxıb.
Əvəllər dəfələrlə məhkum olunmuş Gündüz Novruzov Şirvan şəhərindəki “vəziyyət”ə qardaşı Çingiz Novruzovla birgə baxıb. Belə ki, qəsdən adamöldürmə (İran vətəndaşı olan TIR sürücüsünün qətli), narkotik vasitələrin qanunsuz dövriyyəsi, qanunsuz silah gəzdirmə və sair cinayətlərdə təqsirləndirilərək məhkum edilmiş Gündüz Novruzov həbsdə olduğu müddət ərzində şəhərdə kriminal dairələrə və digər qeyri-qanuni işlərə onun qardaşı Çingiz nəzarət edib. Bir müddət əvvəl isə Çingiz qanunsuz silahdaşımaya görə həbs edilib və Gündüz azadlığa çıxaraq “nəzarət”i öz üzərinə götürüb.
Bildirilir ki, təxminən 10 il əvvəl Şirvan Şəhər Polis Şöbəsinin Cinayət Axtarış bölməsinin rəisi Azər Məmmədov həbs edilərkən onun Novruzov qardaşları ilə əlaqəsi üzə çıxıb. Belə ki, həmin vaxt polis zabiti öz səlahiyyətlərindən sui-istifadə edərək Gündüz və Çingiz Novruzovlara Şirvan şəhərindəki qeyri-qanuni fəaliyyətlərində dəstək verib. Həmin vaxt işdən çıxarılaraq polis sistemindən kənarlaşdırılan bölmə rəisi məhkəmənin hökmü ilə məhkum edilib.
Məlumata görə, Gündüz Novruzovun saxlanılması Şirvanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən əməliyyat çərçivəsində baş tutub. Belə ki, polis əməkdaşları onun “Porsche Cayenne” markalı avtomobilində narkotik vasitə axtarsalar da, maşından avtomat da çıxıb.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177.2.1 (oğurluq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 177.2.2 (oğurluq – təkrar törədildikdə) və 177.2.3 (oğurluq – yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddələri ilə axtarışda olan şəhər sakini Nizami Qasımov da şəhər ərazisində saxlanılıb.
Saxlanılan zaman isə həmin şəxsdən narkotik maddə olan heroin aşkarlanaraq götürülüb.
Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.