Məhkəmə BNA-nın protokollarını ləğv etdi – Kamera ilə yazılan cərimələr qanunsuz sayıldı

Bakı Nəqliyyat Agentliyinin (BNA) kameraları tərəfindən cərimələnən sürücülər kütləvi şəkildə narazılıq edir. Onların bir qismi məhkəmələrə üz tutsa da, bəzi hakimlər BNA-nın xeyrinə qərar çəxarırdı. Lakin artıq qanun qalib gəlib. Belə ki, mayın 5-də Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qasımov BNA-nın kamera ilə çəkdiyi cərimələrə xitam verilməsi barədə qərar çıxarıb. Hansi ki, bundan əvvəl vətəndaş hazırda qüvvədə olan İnzibati Xətalar Məcəlləsinin 122.1, 124.5 və 124.6-cı maddələri kamera vasitəsilə dayanma-durma qayda pozuntularının qeydə alınmasını qadağan etdiyi üçün onun barəsində tərtib edilmiş BNA qərarlarından Yasamal rayon Məhkəməsinə şikayət etsə də, hakim Rauf Daşdəmirov şikayəti təmin etməyərək qərarları qüvvədə saxlayıb.

Hakimin düzgün qərar vermədiyini iddia edən “Chevrolet Aveo” markalı avtomobilin sürücüsü məsələnin ictimailəşdirilməsini xahiş edib. Hakim çıxardığı qərarda əsas gətirərək göstərib ki, İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsində, bu məcəllənin digər maddələri üzrə inzibati xəta hadisələrini aşkar edilməsini qadağan etmir və məhdudlaşdırmır, sadəcə müvafiq maddələr üzrə icraatın aparılması qaydasını müəyyənləşdirir. Foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə nəinki 122.1-ci maddə göstərilən İXM-in xüsusi hissəsinin maddələri üzrə, hətta digər maddələr üzrə də inzibati xəta hadisələri aşkar edilərək inzibati iş üzrə icraata başlanıla bilər. Eyni zamanda hakim qərarda qeyd edib ki, Azərbaycan Respublikasının Prezidentinin 6 iyul 2018-ci il tarixli 181 nömrəli Fərmanı əsasında BNA-ya parklanma yerlərində, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə protokolların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılmasının təmin edilməsi tapşırıldığına görə sürücü barəsində yazılmış cərimə qanunidir.

Bakı Apellyasiya Məhkəməsinin qərarında isə qeyd olunur ki, vətəndaşın Bakı Nəqliyyat Agentliyinin 20.12.2021-ci il tarixli, BNA seriyalı, 19575 nömrəli inzibati xəta haqqında qərarının ləğv edilməsi üçün şikayəti əsaslıdır.

Belə ki, sürücü tərəfindən törədilməsi ehtimal edilən, İXM-in 346.1-ci maddəsi ilə əhatə olunan əməl foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə (bort kompüter) aşkar edilib. Lakin İXM-in 122.1-ci maddəsində həmin Məcəllənin 346.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi nəzərdə tutulmayıb, həmin maddə üzrə belə bir icraatın aparılma qaydası müəyyən edilməyib.

Belə olduğu təqdirdə şikayətçinin iş materiallarına əlavə etdiyi inzibati tənbehvermə haqqında qərardan, iş materiallarında olan izahatlardan, işin mübahisəsiz halı kimi (qərarından şikayətverən orqanın nümayəndəsi də bu halı qəbul edir, mübahisələndirmir) müəyyən edilir ki, həmin qərarlarda qeyd edilən inzibati xəta, yəni İXM-nin 346.1-ci maddəsi ilə qəbul edilmiş qərar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilib. Həmin inzibati xətalar bilavasitə aşkar edilməyib, yəni qərar qəbul edib və ya protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi inzibati xətanın törədildiyi yerdə olmamaqla, həmin inzibati xətanı yerində aşkar etməyib.

Məhkəmə qeyd edir ki, belə olan halda, sürücünün əməlində törədilməsi ehtimal edilən inzibati xəta üzrə icraat inzibati xətalar qanunvericiliyində nəzərdə tutulmuş qaydada həyata keçirilmədiyindən onun həmin maddə ilə təqsirli bilinib tənbeh edilməsi yolverilməzdir.

İXM-in 8-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll olunur.

Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə olunmuş sübutlardan istifadə edildikdə xitam verilir.

Qeyd olunanlara görə məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 08 aprel 2022-ci il tarixli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilməlidir.

Beləliklə, məhkəmə ədalətli qərar çıxaraq qeyd edib ki, vətəndaşın Bakı Nəqliyyat Agentliyinin BNA 19575 saylı, 20.12.2021-ci il tarixli inzibati xəta haqqında qərarından verdiyi şikayətin təmin edilməməsi və həmin qərarın dəyişdirilmədən saxlanılmasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 aprel 2022-ci il tarixli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin.

Qeyd edək ki, bir müddət öncə məsələyə münasibət bildirən ekspert Elməddin Muradlı demişdi ki, Yasamal rayon Məhkəməsinin hakimi Rauf Daşdəmirovun çıxardığı qərar tam əsassızdır: “Nəhayət, Apellyasiya Məhkəməsinin hakimi Faiq Qasımov qanunun aliliyini sübut edən qərar çıxardı. Faiq müəllimə təşəkkür edirəm.

Bir daha xatırlatmaq istəyirəm ki, bundan əvvəl Yasamal rayon Məhkəməsində hakimin çıxardığı qərarda göstərilirdi ki, 122.1-ci maddə bu Məcəllənin digər maddələri üzrə inzibati xəta hadisələrini aşkar edilməsini qadağan etmir və məhdudlaşdırmır. Onda sual yaranır ki, bəs 122.1-ci maddədə nəyə görə konkret maddələr qeyd edilib ki, bu maddələr üzrə pozulan qaydalar kamera vasitəsilə qeydə alınsın. Əgər həmin maddə bütün qayda pozuntularını qeydə almağa icazə verirsə, onda 122.1-ci maddədə konkret maddələr göstərilməzdi. Həmçinin hakim qeyd edir ki, “Azərbaycan Respublikasının Prezidentinin 6 iyul 2018-ci il tarixli 181 nömrəli Fərmanı əsasında BNA-ya parklanma yerlərində, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə protokolların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılmasının təmin edilməsi tapşırıldığına görə, sürücü barəsində yazılmış cərimə qanunidir”. Fərmanda göstərilən bu müddəa, 122.1-ci maddədə qeyd edilən 346.3 (avtobus sürücülərinin dayanacaqlardan kənarda sərnişin mindirib-düşürməsinə görə), 346-1.1 (parklanma yerlərində müəyyən olunmuş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsinə görə) və 346-1.5 (Nəqliyyat vasitəsinin 24 saatdan artıq parklanma yerində saxlanılmasına görə) maddələrində nəzərdə tutulmuş dayanma-durma hallarının və parklanma qaydasının pozulmasına görə xüsusi texniki vasitə ilə (kamera ilə) cərimə yazılmasını ehtiva edir”.

E.Muradlı qeyd edir ki, dayanma-durma qaydasının digər hallarının pozulmasına görə sürücülərin kamera vasitəsilə cərimə edilməsi məsələsi hal-hazırda Milli Məclisdə müzkirəyə çıxarılıb: “Əgər qüvvədə olan İnzibati Xətalar Məcəlləsi dayanma-durma qaydasının bütün hallarının pozulmasına görə kamera vasitəsilə cərimə yazılmasına icazə verirsə, bəs Milli Məclisə müzakirəyə çıxarılması nəyə görə lazımdır? Əgər qanun kamera ilə cərilənməyə icazə verirsə, bəs Dövlət Yol Polisi dayanma-durmaya görə sürücüləri niyə kamera ilə cərimələmir? Şəxsən mən, Dövlət Yol Polisi İdarəsinin rəhbərliyi ilə bu barədə müzakirə apararkən onların da mövqeyini soruşmuşam. DYP rəsmiləri də dayanma-durmaya görə kamera ilə cərimə yazılmasının qanunda öz əksini tapmadığını qeyd edir. Qanun layihəsi təxminən 1 ay əvvəl Milli Məclisə təqdim edilib. Parlamentin qəbulundan və Prezidentin təsdiqindən sonra dayanma-durmaya görə kamera vasitəsilə cərimə yazılması qanuni sayıla bilər. Bir daha BNA rəsmilərinin və hörmətli hakimlərin nəzərinə çatdırıram ki, İnzibati Xətalar Məcəlləsinin tələblərinə görə dayanma-durma qaydasını pozan sürücüləri yalnız planşet vasitəsilə cərimələmək olar”.

Qeyd edək ki, məhkəmədə qalib gələn şəxsin adı xidmət yeri ilə əlaqədar olaraq çəkilmir. Onun bu mövzuda digər məhkəmə çəkişməsi də var.

Related posts

Pezeşkian: Siz bizim qardaşlarımızsınız

ABŞ-ın proksisi İsrail, İsrailin proksisi Azərbaycan… – Video

Qusarçayın üzərindəki körpü BAĞLANDI – FOTO/VİDEO

1 şərh

https://israel-lady.co.il/ May 18, 2022 - 9:35 axşam

Good post. I learn something totally new and challenging on blogs I stumbleupon every day. It will always be interesting to read through articles from other writers and use a little something from other sites.

Add Comment