Kürdüstan bölgəsində yerləşən bir neçə neft yatağına eyni vaxtda kamikadze dronlarla təşkil olunan hücumlar genişmiqyaslı hökumət və ABŞ etirazına səbəb oldu. Bağdad bu hücumları İraqın maraqları üçün birbaşa təhdid kimi dəyərləndirdi və məsul tərəflərin müəyyən olunması üçün təcili araşdırmaya start verdi.
Son saatlarda İraqın Kürdüstan bölgəsi ardıcıl kamikadze dron hücumları ilə diqqətçəkən bir eskalasiya yaşadı. Duhok və Zaxo vilayətlərindəki bir neçə neft yatağı hədəfə alındı. Bu hücumlar siyasi və təhlükəsizlik dairələrində ciddi narahatlıq doğurdu, yerli və beynəlxalq səviyyədə qınamalar və İraqın iqtisadi və suveren təhlükəsizliyinə yönəlik mümkün nəticələrlə bağlı xəbərdarlıqları izlədi.
Çərşənbə günü (16 iyul) Kürdüstanın Anti-terror Xidməti açıqladı ki, dörd kamikadze dron üç neft obyektinə hücum edib. Bildirildi ki, səhər saatlarında Zaxo rayonunun idarəsində yerləşən “DNO” şirkətinin Bişxabur və Tavke yataqları hədəf alınıb. Ardınca isə Şixan rayonunun Bəədri bölgəsindəki “Hand Oil” yatağına zərbə endirilib. Xoşbəxtlikdən insan itkisi və maddi ziyan qeydə alınmayıb.
Bir gün öncə isə bölgənin Təbii Sərvətlər Nazirliyi məlumat vermişdi ki, ABŞ şirkəti tərəfindən idarə olunan Duhok vilayətinin Şəmanke rayonundakı “Sarsəng” yatağına da bir kamikadze dronla hücum edilib və bu, yataqda işlərin müvəqqəti dayandırılmasına səbəb olub.
ABŞ-ın Bağdaddakı səfirliyi bu hücumları sərt şəkildə qınayaraq, İraq hökumətini “nəzarətini gücləndirməyə və bu cür hücumların qarşısını almağa” çağırdı. Kürdüstan Yurdsevərlər İttifaqının liderlərindən Qiyas Sürci isə hücumların “ciddi məna daşıyan” mesajlar verdiyini deyərək, Bağdad və Ərbildə aparılan araşdırmaların nəticələrini gözləməyə çağırdı.
Araşdırmaçı Firas İlyas isə hücumların siyasi xarakter daşıdığını vurğulayaraq, bunun Bağdadla Ərbil arasındakı gərginliyin – xüsusilə regiondakı əmək haqları məsələsinə dair ixtilafların – fonunda baş verdiyini qeyd etdi.
İraq Silahlı Qüvvələrinin Ali Baş Komandanının sözçüsü bu hücumları “İraq xalqının maraqlarına birbaşa təhdid və sabitlik ilə inkişaf səylərinə qarşı yönəlmiş hücum” kimi dəyərləndirdi. O bildirdi ki, Baş nazir Məhəmməd Şiya əs-Sudani məsul tərəflərin müəyyən olunması və onlara qarşı sərt tədbirlər görülməsi üçün dərhal və genişmiqyaslı araşdırma başlatmağı tapşırıb.
Rəsmi bəyanatda vurğulanıb ki, İraq dövləti öz həyati infrastrukturunu qorumaq üçün güzəştə getməyəcək və bu cür hücumların təkrarlanmaması, milli suverenliyin qorunması və vətəndaşların maraqlarının müdafiəsi üçün zəruri bütün addımları atacaq.