Fransanın Tulon şəhərində yerləşən xəstəxanada nadir hadisə baş verib.
88 yaşlı kişi çox az rastlanan bir şikayətlə xəstəxananın təcili yardım xidmətinə baş vurub.
Onun düz bağırsağında İkinci Dünya müharibəsindən qalma top mərmisi ilişib qalıb.
Şikayətin doğru olduğu məlum olduqdan sonra xəstəxanada fövqəladə rejim elan olunub. Bina qismən boşaldılıb və mina təmizləyici qruplar xəstəxanaya sövq edilib.
Xəstəxana rəhbərliyi bununla bağlı mediada yayılan xəbərləri təsdiqləyib.
“Saat 21:00-dan 23:30-a qədər mina təmizləyici qrupların müdaxiləsinə, böyük və uşaq təcili yardım xidmətlərinin təxliyə edilməsinə səbəb olan hadisə baş verdi. Top mərmisinin partlayış ehtimalına qarşı hər cür tədbirlər gördük”, – deyə rəhbərlik işçisi Yann Le Bras qeyd edib.
“Biz alma, manqo, hətta üzqırxan ülgüc belə gördük. Bu qəbildən qeyri-adi hallara öyrəşmişik. Amma top mərmisi? Heç vaxt!”, – deyə təcili xidmət əməkdaşlarından biri təəccübünü ifadə edib.
Nəticədə mina təmizləyici qruplar tərəfindən partlayış riskinin olmadığı aşkarlanıb. Əməliyyata alınan xəstənin düz bağırsağından 20 sm uzunluğunda və 5-6 sm qalınlığında olan top mərmisi müvəffəqiyyətlə çıxarılıb. 88 yaşlı kişinin səhhətinin yaxşı olduğu bildirilib.