QafqazTimes xəbər verir ki, çərşənbə günü yəhudilərin “Bağışlanma” və ya “Kippur” kimi tanınan bayramı ilə əlaqədar 336 sionist mühacir sionist rejim hərbçilərinin dəstəyi ilə qanunsuz şəkildə Məscidül-Əqsaya daxil olublar.
“Səfa” xəbər agentliyinin məlumatına görə, sözügedən mühacirlərə dəstək məqsədilə yüzlərlə sionist əsgər Əl-Əqsa məscidinin həyətlərində yerləşdirilərək Mərvani məscidində yoxlama əməliyyatı həyata keçirmişlər.
Fələstin Vəqf Nazirliyinin əməkdaşı SƏFA-ya bildirib ki, sionist rejim polisi Məscidül-Əqsanın giriş qapılarında ciddi təhlükəsizlik tədbirləri tətbiq edərək, Məscidül-Əqsaya daxil olan fələstinli ibadətçilərin şəxsiyyət vəsiqələrini müsadirə etmişlər.
Bu xəbərin davamında bildirilir ki, aralarında bir qız da daxil olmaqla bir neçə fələstinli Əl-Əqsa məscidinin girişində və həyətində həbs edilib.
Bu xəbərə görə, rejim polisi Qüds şəhərini mühasirəyə alıb və bu şəhərin məhəllələrinə və əsas küçələrinə girişləri beton maneələrlə bağlayıb.
Eyni zamanda Fələstin İslami Cihad hərəkatı Qüds şəhərində yolların bağlanmasının müqəddəs məkanlara qarşı növbəti hücum olduğunu, millətin və müqavimətin boş oturmayacağını açıqlayıb.
Bundan əlavə Həmas hərəkatı da elan edib ki, düşmən və mühacirlərin Məscidül-Əqsaya qarşı təcavüzü qırmızı xətlərin aşılmasıdır.
Qeyd edək ki, “Bağışlanma” və ya Kipur bayramı oktyabrın 4-dən 5-dək, “Sukut” bayramı isə oktyabrın 9-dan 10-dək davam edəcəkdir.