İvritdilli bir media, boş soyuducu və maaş qəbzi şəklini yayımlayaraq, sionist rejimin ordusunun ehtiyat hərbçilərinin çoxunun acınacaqlı şəraitdə yaşadığını ortaya qoyub.
Qafqaz Times -ın məlumatına görə, “Yisrael Hayom” qəzeti bu gün – bazar ertəsi sayında, davamlı müharibəyə çağırılan ehtiyat hərbçilərin ağır iqtisadi şərtləri fonunda onların həyat vəziyyətinə toxunub.
Hesabatın girişində qeyd olunur ki, çox az maaş və daim boş qalan bir soyuducu, bir çox ehtiyat hərbçinin boşanma ərəfəsinə gəlməsinə səbəb olub.
Adı açıqlanmayan (Y) hərbiçi, artıq 400 gündən çoxdur ki, “Dəmir Qılınclar” müharibəsində ehtiyat qüvvələrdə iştirak edir və “Yisrael Hayom”a verdiyi müsahibədə bildirib ki, həyat yoldaşı ondan boşanmaq üçün müraciət edib. Maddi vəziyyətini yaxşılaşdırmaq üçün hara müraciət edibsə, ona sadəcə deyiblər ki, işi baxılma mərhələsindədir.
Bat Yam şəhərində yaşayan bu hərbçi, 400 gündən çox ehtiyat qüvvələrdə döyüşdüyünü və bu xidmətin onu təsəvvürəgəlməz çətin şəraitə saldığını bildirib. Uzun müddətli müharibədən və evdən uzaqlıqdan sonra ciddi iqtisadi problemlərlə üzləşdiyini deyib.
O, bu gün son dərəcə aşağı gəlirlə və demək olar ki, tamamilə boş bir soyuducu ilə yaşayır. Eyni zamanda, həyat yoldaşının uzun müddətli ayrılıq və psixoloji çöküş səbəbilə açdığı boşanma işi də onu ağır vəziyyətə salıb.
Bu hərbçi deyir: “İki ilə yaxın İsrail uğrunda döyüşdükdən sonra bu vəziyyətə düşəcəyimi əsla gözləmirdim.”
O bildirib ki, ehtiyat xidmətə çağırılmazdan əvvəl və qayıtdıqdan sonra şəhərdə təhlükəsizlik patrulunda keşikçi kimi çalışıb. Maaşı az olsa da, may ayından (iki ay öncə) etibarən ona maaşının yalnız dörddə biri ödənilib. Fevral və mart aylarının maaşları isə ümumiyyətlə verilməyib. “Zatən yüksək maaş almıram, tam maaş alsam belə kreditləri, fakturaları ödəyə bilmirəm, soyuducumu doldurmaqdan isə söhbət gedə bilməz.”
O əlavə edib: “Belə vəziyyətə düşməməli idik. Bu ya səhlənkarlıq, ya da bilərəkdən edilən bir haqsızlıqdır.”
Bu hərbçi deyir ki, müxtəlif rəsmi və həmkarlar qurumlarına müraciət etsə də, nəticədə işdən çıxarılmaqla üz-üzə qalaraq öz istəyilə işdən ayrılmağa məcbur olub.
Onun sözlərinə görə, əlaqəli qurumların çoxuna yazılı şəkildə müraciət edib, lakin heç bir faydalı cavab ala bilməyib. Hər dəfə ona sadəcə deyilib ki, “sizin işiniz baxılır”, lakin heç kim onunla əlaqə saxlamayıb.
Müsahibənin sonunda o, “Yisrael Hayom”a bildirib ki, bu vəziyyəti yaşayan tək ehtiyat hərbçi deyil. Bu, bir çox hərbçi və onun silahdaşlarının yaşadığı ümumi bir reallıqdır. “Mən sadəcə bu məsələni açıq şəkildə ictimailəşdirməyə cəsarət etdim. Bəzən həyatımızda və yemək ehtiyacımızda hətta 10 şekelin belə böyük təsiri olur. Siz ehtiyat qüvvələri təkrar-təkrar xidmətə çağırırsınız, amma onların dolanışığına və maddi ehtiyaclarına heç bir diqqət göstərmirsiniz.” – deyə əlavə edib.