Bir ivritdilli media orqanının fikrincə, İsrail heç bir nailiyyət və üstünlük əldə etmədən, aylar əvvəl təqdim edilmiş eyni təklif çərçivəsində HƏMAS ilə danışıqlara başlayıb.
Qafqaz Times -ın məlumatına görə, “Walla” xəbər saytı bu mövzuda yazıb: Tramp razılaşma əldə etmək üçün təzyiq göstərir, halbuki Netanyahu mövcud olmayan bir qələbəni bizə satmağa çalışır. Ordu Baş Qərargah rəisi əməliyyatların başa çatdığını bildirir, bu arada HƏMAS mövqeyini gücləndirir, yeni qüvvələr toplayır və raket hücumlarını davam etdirir.
Hesabatda qeyd olunur: Təsəvvür edin ki, İsrail təbii bir fəlakətlə üzləşib, bu fəlakət 100-dən çox insanın ölümünə səbəb olub və ölənlər Netanyahunun tərəfdarları sırasından olub. Belə bir vəziyyətdə baş nazir bu faciəni və yas içində olan yüzlərlə ailəni görməzdən gəlib xarici liderlə görüş proqramı hazırlasa, bu, ağılsızlıq sayılmazmı?
Bəli, məhz bu anda ABŞ prezidenti Donald Tramp bu işi görür. Halbuki Texas ştatında baş verən daşqınlar çox sayda amerikalının ölümünə səbəb olub və bu yazının hazırlandığı ana qədər 82-dən çox ailə yas içindədir. Tramp isə xilasetmə jileti geyinib hadisə yerinə getmək əvəzinə, Nobel sülh mükafatını qazanmaq və onu öz mükafat kolleksiyasına əlavə etmək dərdindədir.
Yazının müəllifi əlavə edir: Səhv başa düşməyin, mən də arzulayıram ki, o bu səylərində uğur qazansın. Mən də ümid edirəm ki, əsirlər ailələrinə qovuşacaq, hərbçilər döyüş meydanını tərk edəcək və daha çox düşmən ölkə İbrahim sazişlərinə qoşulacaq.
Bütün bunların gerçəkləşməsini arzulayıram, amma ondan əvvəl siz də mənimlə razılaşarsınız ki, Trampın bu davranışı ağılsızlıqdır. O, sanki sivil bir ölkənin yox, su və iqlim böhranı ilə çarpışan üçüncü dünya ölkələrinin lideridir və xalqının ağrılarını vecinə almır, əvəzində şəxsi problemlərini və ya daha dəqiq desək, bizim problemimizi həll etməyə çalışır.
Tramp deyir ki, bu həftə Qəzzada atəşkəs sazişinin imzalanması üçün unikal bir fürsət var. Bu ifadə adətən iki mənaya gəlir: ya bu fürsətdən yalnız özü xəbərdardır, ya da ümumiyyətlə xəbərsizdir.
Başqa sözlə, ya o, ABŞ-ın İrana hücumundan əvvəlki dövrdə olduğu kimi pərdəarxası proseslərdən xəbərdardır, ya da sadəcə, əvvəlki kimi, boş-boş danışır – məsələn, daha öncə HƏMAS-ın üzərinə “cəhnnəm qapılarının” açılacağından və ya fələstinlilərdən təmizlənmiş Qəzzanın Fransanın Rivierasına və ya Las Veqasa çevriləcəyindən danışdığı kimi.
Yazının başqa bir hissəsində müəllif dolayı yolla İsrailin HƏMAS qarşısında məğlub olduğunu bildirir və yazır: Bu müharibənin iki əsas məqsədini xatırlayırsınız – 11 oktyabr 2023-cü ildə qurulan milli birlik hökumətinin elan etdiyi və HƏMAS-ın məhv edilməsi, əsirlərin azad olunması kimi göstərilən məqsədləri. İndi isə bu iki məqsəd hələ də Netanyahunun qarşısında durur.
Bilirəm ki, bir çoxları bu iki cümləni təkrar-təkrar eşitməkdən yorulub, amma bunu yenidən deməliyik: HƏMAS-ı məhv etmək və əsirləri sağ-salamat azad etmək qeyri-mümkündür.
HƏMAS hələ də Qəzza zolağında İsrail ordusu ilə döyüşür. Təkcə iyun ayında 20 israilli hərbçini öldürüb və iyulda (bu ay) daha çox ölən olacaq.
Bundan əlavə, HƏMAS yeni mərhələdə, Dohada keçirilən danışıqlarda mövqeyini daha da sərtləşdirib və şərtlər irəli sürür: İsrail ordusunun geri çəkilmə dərinliyi və humanitar yardımların bölüşdürülmə forması ilə bağlı konkret tələblər qoyur. Halbuki elə dünən gecə Kibbuts Nirim istiqamətində raket atılıb.
Bəlkə elə düşünürsünüz ki, Kibbuts Nirimə atılan bir raket sadəcə simvolik bir hərəkətdir, amma Yaxın Şərqdə güc balansı savaşlarında bəzən simvolik addımlar belə həlledici olur. Çünki bu, göstərdi ki, HƏMAS iki illik müharibədən sonra belə bölgənin ən güclü ordularından birinə qarşı hələ də mübarizə aparır və qətiyyən təslim olmuş, məğlub bir quruluş görüntüsü vermir.
Əvvəldə də qeyd etdiyimiz kimi, əsirlərin azad edilməsi və HƏMAS-ın məhv edilməsi hələ də Netanyahunun qarşısında duran iki əsas məqsəddir. Artıq bu məqsədləri daha çox təxirə salmağa yer yoxdur. Vaşinqtonun təzyiqi ilə məcburi bir seçimi qəbul etməliyik və digər seçimi ən azından nəzəri səviyyədə gündəmdə saxlamalıyıq.