“Valla” xəbər portalının hərbi məsələlər üzrə müxbiri Amir Buhbut İsrail ordusunun Beyt Hanun bölgəsində Həmasla tükəndirici bir müharibə bataqlığına düşdüyünü yazıb.
Qafqaz Times-ın verdiyi məlumata görə, çərşənbə axşamı axşam saatlarında bir sıra ivritdilli xəbər kanalları bu xəbəri yayımlayaraq, bölgədə təhlükəsizliklə bağlı gərginliyin hələ də davam etdiyini, toqquşmaların ehtimal ki, Fələstinli döyüşçülərlə yardım və ehtiyat qüvvələr arasında baş verdiyini bildiriblər.
İvritdilli mənbələr iki eyni vaxtda baş verən və bir-biri ilə əlaqəli insidentdən danışsalar da, tətbiq olunan senzura və nəzarət səbəbilə detalların açıqlanmasının mümkün olmadığını vurğulayırlar.
Bu xəbərlər yayıldığı vaxt Amir Buhbut öz məqaləsində bildirir ki, İsrail ordusu Beyt Hanun bölgəsində Həmasla gərgin və davamlı toqquşmalar nəticəsində dərin bataqlığa düşüb.
Sionist jurnalistin yazdığına görə, Qəzza zolağının şimalında yerləşən Beyt Hanun şəhəri hələ də İsraillə döyüşlərin əsas mərkəzlərindən biri olaraq qalır.
7 oktyabr müharibəsindən əvvəl 50 min nəfərdən çox əhalisi olan bu şəhər, Sderot dəmiryol xəttinə yaxınlığı səbəbilə Həmas tərəfindən tunel qazıntısı və müqavimət infrastrukturu qurmaq üçün ideal məkana çevrilmişdi.
Buhbutun etirafına görə, bu bölgədə klassik mənada “görünən müharibə” yoxdur – heç kim fələstinli döyüşçüləri görmür, çünki onlar daim gizlənirlər və yalnız İsrail əsgərlərinin səhvini gözləyirlər.
Məqalənin davamında bildirilir ki, son həftələrdə İsrailin 99-cu diviziyası Beyt Hanunda döyüş aparır. Bu hərbi əməliyyatın məqsədi şəhərdəki bir batalyonu məhv etməkdir. Bildirilir ki, bu qrupdan yalnız komandir və təxminən 100 silahlı döyüşçü sağ qalıb. Diviziya əsas diqqətini Həmasın tunel infrastrukturuna və giriş nöqtələrinə yönəldib.
7 oktyabrdan sonra İsrail ordusu bu bölgədə genişmiqyaslı təmizləmə əməliyyatları həyata keçirsə də, görünür ki, bu missiya tam yerinə yetirilməyib. Atəşkəsin əvvəlində bəzi məlumatlarda bildirilirdi ki, Beyt Hanun batalyonunun komandiri və onlarca döyüşçü dağıntılar altından çıxaraq geri çəkilə bilib.
Cənub komandanlığından olan bir zabit “Valla”ya müsahibəsində bildirib ki, batalyonun komandiri və döyüşçüləri dağıdılmış binalarda və tunellərdə gizləniblər. Onlar İsrail ordusu ilə açıq qarşıdurmadan yayınırlar, əksər hallarda yeraltında qalaraq İsrail əsgərləri ilə bağlı məlumat toplayırlar və yalnız xüsusi anlarda gizləndikləri yerlərdən çıxaraq mina tələləri qururlar və snayperlər xüsusi mövqelərdə yerləşdirilir.
Tunellərdən istifadə onlara görünmək, hücum və dərhal geri çəkilmək arasında cəmi bir neçə dəqiqəlik zamanla hərəkət imkanı yaradır.
Zirehli bölmənin bəzi əsgərləri, Beyt Hanunda bir həftə yarım döyüşdən geri çəkildikdən sonra “Valla”ya bildiriblər ki, bölgə üzərində bir helikopter yaralıları xilas etməyə çalışarkən, hamı artıq döyüşlərin bitdiyini düşünürdü. Elə bu anda bir fələstinli göründü – cəmi bir dəfə və bir neçə saniyəlik. Onlar gün ərzində gizlənirlər və sadəcə bizim səhv etməyimizi gözləyirlər.
İsrail əsgərləri etiraf edirlər ki, onların əsas vəzifələri bir neçə əsas tapşırığa bölünüb: fələstinliləri gizləndikləri yerlərdən çıxmağa məcbur edən yayındırıcı əməliyyatlar, döyüşə hazır və ayıq qalmaq, informasiya toplamaq, tunellərin və gizlənmə yerlərini müəyyənləşdirmək və onları partlatmaq, şəhərdə qalan binaları məhv etmək.
Bu hərbi media orqanının etirafına görə, İsrail ordusu bu gün Həmasla klassik partizan müharibəsi şəraitində vuruşur.
Bir zabitin sözlərinə görə: “Həmas Beyt Hanunda və ümumiyyətlə Qəzza zolağının digər bölgələrində uzun müddət yeraltında qalmağa vərdiş edib. Bu isə bizim üçün çox çətinlik yaradır. Onlarla mübarizə aparmaq üçün biz onların qida və enerji mənbələrini – əksər hallarda günəş panellərini – tapmaq məcburiyyətindəyik. Lakin bu zaman biz ciddi təhlükələrlə üzləşir və bu növ müharibənin ağır bədəlini ödəyirik.”