İvritdilli KİV-lər İsraildə ifşa edilən son casusla bağlı yeni detalları dərc edib və iddia ediblər ki, saxlanılan şəxs ordunun ən həssas bölmələrindən birində xidmət edən hərbçidir.
Qafqaz Times-ın verdiyi məlumata görə, sionist rejimin rəsmi radio və televiziya şəbəkəsi “Kan” cümə axşamı axşam saatlarında yayımladığı reportajda bildirib ki, daha bir İsrail əsgəri İran üçün casusluq etməkdə ittiham olunaraq saxlanılıb.
Məlumata görə, bu hərbçi İsrail ordusunun gizli bölmələrindən birində xidmət edib və onun həbsiylə İranla bağlı 30-cu casusluq işi açılıb. İndiyədək bu əlaqə ilə bağlı ümumilikdə 50 nəfər həbs olunub.
İvrit mediasının yazdığına görə, bu əsgər raketlərin düşdüyü mövqeləri foto və video ilə qeydə alıb, daha sonra isə İsrail ordusunun hava hücumundan müdafiə sistemlərinin batareyaları və digər strateji mövqeləri barədə görüntülər çəkib. İki həftə əvvəl isə Şabak (İsrailin daxili təhlükəsizlik xidməti) tərəfindən həbs olunub.
Reportajın başqa bir hissəsində qeyd edilir ki, istintaq zamanı bu əsgərə “Niyə belə bir şey etdin?” sualı verildikdə, o cavab verib: “Pula ehtiyacım var idi.”
Bu arada “Rotter.net” saytı bu hərbçinin İsrail ordusunun ən gizli bölmələrindən biri olan 8200-ci hərbi hissədə xidmət etdiyini yazsa da, az sonra bu xəbəri saytın ana səhifəsindən çıxarıb.
Bununla belə, digər ivrit mediası onun xidmət yeri barədə konkret məlumat verməsə də, həmin hərbçinin ordunun ən həssas bölmələrindən birində çalışdığını təsdiqləyib.