O, fələstinpərəst tələbə və əməkdaşları təqib edib qorxutmaqda ittiham olunurdu və araşdırmanın nəticələri açıqlanmadan universitetdən ayrıldı
Kolumbiya Universitetinin biznes məktəbində dərs deyən, İsrail tərəfdarı mövqeyi ilə tanınan köməkçi professor Şai Davidai, fələstinpərəst tələbə və işçiləri təqib edib qorxutmaqda ittiham olunmasından sonra, “qarşılıqlı razılaşma” əsasında universitetdən ayrılıb. Bu barədə universitet rəsmisi Middle East Eye-ə məlumat verib.
Davidai 8 iyul 2025-ci ildə universitetdən ayrılıb. Oktyabr ayından etibarən onun kampusa girişi məhdudlaşdırılmışdı. Bu, universitet əməkdaşlarını “təhdid etdiyi” üçün baş vermişdi.
“Biznes üzrə köməkçi professor Şai Davidai 8 iyul 2025-ci il tarixindən etibarən Kolumbiya Universitetindən ayrılmağa qərar verib,” – deyə universitetin sözçüsü Middle East Eye-ə göndərdiyi e-poçtda bildirib. “Davidai, universitetlə qarşılıqlı razılaşma əsasında dərs deməyə geri dönməməyi seçib.”
“Universitet ona xidmətlərinə görə təşəkkür edir və gələcək fəaliyyətlərində uğurlar arzulayır.”
Davidai cümə günü X platformasında paylaşdığı yazıda universitetdən ayrılmasının səbəbinin “Kolumbiya kampusunda tüğyan edən anti-yəhudi, anti-İsrail və anti-Amerika nifrəti” olduğunu bildirib.
“Mən Kolumbiyanı ‘başqa imkanlar axtarmaq üçün’ tərk etmədim,” – deyə o yazıb. “Mən getdim, çünki bu kampusda baş alıb gedən nifrətlə üzləşməkdə uğursuz olan, guya rəhbərlik edən insanlara daha artıq güvənmirəm. Altı il ərzində orada çoxlu yüksək maaşlı bürokratla rastlaşdım, amma bircə dəfə də olsun əsl lider görmədim.”
Davidai, ABŞ universitetlərində Qəzzada müharibəyə qarşı qurulan fələstinpərəst etiraz düşərgələrinə qarşı Kolumbiya və digər universitetlərin reaksiyasını açıq şəkildə tənqid edənlərdən biri olub. Eyni zamanda tələbə və müəllim heyətini qorxutmaqda ittiham olunub.
Fevral 2024-cü ildə Davidai haqqında Kolumbiyanın İnstitusional Bərabərlik İdarəsi (OIE) tərəfindən ona qarşı irəli sürülən təqib iddiaları ilə bağlı araşdırma başladılmışdı.
Davidai cümə axşamı X-də paylaşdığı digər yazıda Kolumbiyanın onun adını “ləkələməyə çalışdığını”, amma buna imkan verməyəcəyini bildirib. Paylaşımında OIE-nin prorektoru Laura Kirschstein tərəfindən yazılmış məktubu da əlavə edib. Məktubda deyilir: “8 iyulda OIE sizinlə bağlı aparılan araşdırmaları hər hansı nəticə və ya pozuntu barədə qərar vermədən və sizə heç bir cəza tətbiq etmədən bağlamışdır.”
Universitet rəsmisinin sözlərinə görə, OIE araşdırmaları adətən bir şəxs artıq universitetdə işləmirsə dayandırılır və buna görə Davidai ilə bağlı araşdırma da “hər hansı nəticə və ya pozuntu müəyyən edilmədən” bağlanıb.
Kolumbiyada dərs vermiş keçmiş hüquq professoru Ketrin Frank cümə axşamı Instagram-da paylaşdığı videoda, Davidai ilə bağlı şikayət edən tələbələrə göndərilən məktubu nümayiş etdirib. OIE-nin məktubunda qeyd olunur ki, “araşdırma nəticəsiz dayandırılıb” – yəni Davidai günahsız elan olunmayıb, sadəcə araşdırma onun universitetdən ayrılması səbəbilə yekunlaşdırılıb.
Kolumbiya Universiteti antisemitizm ittihamları fonunda Tramp administrasiyasının təzyiqlərinə boyun əyməkdə də tənqid olunur.
Giriş qadağan edilmişdi
Oktyabr ayında Kolumbiya Universiteti Davidai-nin kampusa girişinə məhdudiyyət qoyulması ilə bağlı bəyanat yayaraq bildirmişdi: “Kolumbiya… əməkdaşları tərəfindən təhdid, təqib və ya hər hansı qorxutma davranışına dözümlə yanaşmır.”
Universitet əlavə etmişdi ki, “müvafiq davranış qaydaları ilə bağlı təlimlər keçənədək” onun kampusa girişinə müvəqqəti məhdudiyyət qoyulub.
Qadağadan sonra Davidai Instagram-da qərarı tənqid edib, bunun səbəbinin “7 oktyabr (2023)” olduğunu iddia edib: “Çünki mən nifrət dolu dəstəyə qarşı çıxmaqdan qorxmadım. Və çünki cənab Kas Holloueyin kim olduğunu ifşa etməkdən çəkinmədim.”
Hollouey Kolumbiyanın baş əməliyyat direktorudur. Video sonradan silinib, lakin Davidai Holloueyə qarşı sosial şəbəkələrdə çoxsaylı paylaşım edib.
Bu, İsrail əsilli, müqaviləli statusda olan professorun bir il ərzində ikinci dəfə kampusdan uzaqlaşdırılması idi. O, 22 aprel tarixində də fələstinpərəst düşərgəyə qarşı İsrailpərəst oturaq aksiya keçirəcəyini deməsi səbəbilə bir ay müddətinə kampusa buraxılmamışdı.
Təqib və təhdid
Aprel 2024-cü ildə Davidai X-də fələstinpərəst tələbələri “Hitler Gəncliyi” adlandırmışdı (paylaşım sonradan silinib). O, 108,000-dən çox izləyicisi olan sosial media hesablarından dəfələrlə Kolumbiya düşərgəsinə ABŞ Milli Qvardiyasının göndərilməsinə çağırmışdı.
13,000-dən çox tələbə onun işdən çıxarılması üçün petisiyaya imza atmışdı. Petisiyada qeyd olunurdu ki, Davidai “öz şəxsi sosial media hesablarından tələbələri, o cümlədən Qəzzada ailə üzvlərini itirmiş fələstinli tələbələri hədəfə alaraq təqib və zorakılıq tətbiq edir”.
Tələbələr onun həm sosial mediada, həm də şəxsən onları təqib etdiyini bildiriblər. Tənqidçilər Davidai-nin universitetdəki işçilərin, tələbələrin və müəllim heyətinin təhlükəsizliyini də təhdid etdiyini deyirlər.
Məsələn, o, X-də paylaşım edərək Dövlət Katibi Marko Rubiodan Kolumbiya məzunu və fələstinli fəal Mahmud Xəlilin ABŞ-dan deportasiya edilməsini tələb etmişdi. Bu paylaşımın iki gün ardından, mülki geyimdə ICE agentləri Xəlili saxlamışdı. Xəlil sonradan Luiziana ştatının Ceyna şəhərində 104 gün saxlandıqdan sonra 8 martda azadlığa buraxılmışdı.
Başqa bir insidentdə Davidai, Kolumbiyanın keçmiş müəllimi Məhəmməd Əbdunu sosial şəbəkədə FBI və Daxili Təhlükəsizlik Departamentini “təq” edərək hədəfə almışdı. Əbdu sonradan C-SPAN-da Kolumbiya universitetində antisemitizmə dair keçirilən konqres dinləmələrinə baxarkən öyrənmişdi ki, o, artıq vəzifəsindən uzaqlaşdırılıb.
Əbdu bildirib ki, onun “doks edilməsi” (şəxsi məlumatların ifşası) və işdən çıxarılması “geri dönməz” nəticələr doğurub.