İsrail şirkəti Expo sərgisində iştirak edən müsəlmanlara nəzarət edəcək

Qafqaztimes xəbər verir ki, İsrail “Expo Dubai” sərgisində müsəlmanları kontrol etmək üçün elektron qolbaqlardan istifadə edəcək.

İsrail şirkəti “SuperCom” BƏƏ-də keçirilən “Expo” sərgisində müsəlmanlara nəzarət etmək üçün elektron izləmə qolbaqlarından istifadə edəcəkdir.

Misirin “Əl-Muhərrir” saytı Cill Hoffmanın (“Jerusalem Post” qəzetinin siyasi şöbəsinin müdiri və “İsrailin səsi”nin baş redaktoru) Ordan Trabelsi ilə (SuperCom-ın icraçı direktoru) müsahibəsini dərc edib. SuperCom qabaqcıl təhlükəsizlik avadanlıqları istehsal edən və bütün dünyada hökumətlərə və özəl təşkilatlara təqdim edən rəqəmsal sahədə öndə gedən bir İsrail şirkətidir. O, bu müsahibədə “İbrahim” anlaşmasının iqtisadi ölçülərinə və İsraildə özəl sektor üçün yaradılan imkanlara toxunarkən deyib: “Gözlənildiyi kimi “İbrahim” sazişinin imzalanmasından sonra əlaqələrin yeni mərhələsi başlandı və SuperCom şirkəti Expo sərgisinin təhlükəsizliyini qorumaq üçün BƏƏ-nin İqtisadiyyat Nazirliyi ilə razılıq əldə etdi. Expo 1 oktyabr 2021-ci ildə başlayacaq və 31 Mart 2022 -ci ilə qədər davam edəcək dünyanın ən böyük iqtisadi sərgisidir. BƏƏ Nazirliyi ilə əldə edilən razılaşmaya əsasən, 191 ölkə Expo-da iştirak edəcəkdir. Expo-da iştirak etmək üçün BƏƏ-ə səfər edən Cənubi Afrika, Əlcəzair, Nigeriya, Liviya, Tunis, Misir, İordaniya, Suriya, Livan, Türkiyə, İran, Pakistan, Əfqanıstan, Hindistan və İndoneziyadan olan hər bir müsəlman elektron qolbaqlardan istifadə etmək məcburiyyətindədir. Bu qolbaq istənilən şəxsi müxtəlif texnologiyalar vasitəsilə kontrol etməyimizə imkan verir. Avadanlıqlarımızın təhlükəsizlik sistemi cinayət, casusluq və terror aktları ehtimalını minimuma endirəcəkdir.”

Ordan Trabelsi müsahibənin davamında belə qeyd edib: “Abdullah bin Tuq Əl-Məri (BƏƏ-nin iqtisadiyyat naziri) ilə danışıqlarda BƏƏ hökumətinin Supercom qolbaqlarından istifadə etməsi lazım olan qonaqlar barədə məlumatları bizə verməsi ilə bağlı razılaşma əldə olundu. Expo sərgisində iştirak edəcək müsəlmanlar SuperCom elektron avadanlıqların quraşdırıldığı müəyyən otellərdə yerləşdiriləcəklər.”

Trabelsi bu müqavilənin böyük bir müvəffəqiyyət olacağına və digər hökumətlərin də beynəlxalq sərgilər keçirmək üçün müraciət etməsinə səbəb ola biləcəyini inanır. SuperCom şirkətinin baş icraçı direktorunun sözlərinə görə, Birləşmiş Ərəb Əmirlikləri İsrailin kiber təhlükəsizlik şirkətlərinin fəaliyyəti üçün böyük potensiala malikdir. Dubay və Əbu-Dabidə kiber təhlükəsizliyin zəifliyi göz qabağındadır və İsrail şirkətləri bu boşluğu doldura bilərlər.

Qeyd edək ki, bir neçə həftə əvvəl Birləşmiş Ərəb Əmirlikləri 16 ölkədən (O cümlədən Hindistan, Pakistan, Cənubi Afrika, İndoneziya və s. daxil olmaqla) müsəlman turistlərin BƏƏ-yə girməsini qadağan etmişdi, ancaq bu müqavilənin bağlanması ilə, bu qadağa qeyd olunan şərtlərə uyğun olaraq götürüləcəkdir.

Related posts

Demo+terror+kratiya

Rusiya və ABŞ arasında oyunun sonu

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik