İsrail hökuməti atışmalar və aclıq fonunda Qəzzanın şimalına cüzi humanitar yardım göndərilməsini təsdiqlədi

İsrailin mart ayından bəri tətbiq etdiyi mühasirə nəticəsində indiyədək təxminən 70 fələstinli uşaq aclıqdan ölüb.

İsrail mediasının məlumatına görə, Baş nazir Benyamin Netanyahunun kabineti 5 iyulda Qəzzanın şimalına humanitar yardımın paylanmasının genişləndirilməsinə səs verib. Bu qərar Qəzzəyə yardımı tamamilə dayandırmaq və müharibəni bitirəcək atəşkəs razılaşmasına qarşı çıxan sərt xətt tərəfdarlarının etirazına baxmayaraq qəbul olunub.

İsrailli rəsmi şənbə günü The Times of Israel-ə qərarı təsdiqləyib və yardımın BMT və beynəlxalq humanitar təşkilatlar tərəfindən paylanacağını bildirib.

Dini Sionizm Partiyasından Maliyyə naziri Betsalel Smotriç və Otsma Yehudit Partiyasından Milli Təhlükəsizlik naziri İtamar Ben Qvir iclas zamanı yardımların genişləndirilməsinə qarşı çıxıblar.

Smotriç bazar günü X platformasında yazıb ki, Qəzzəyə daha çox yardım buraxmaq qərarı “qəbuledilməzdir”.

Hər iki nazir iddia edib ki, Baş Qərargah rəisi general Eyal Zamir aclıqdan əziyyət çəkən izdihama yardım paylayan israilli əsgərləri təhlükəyə atır. Onlar həmçinin HƏMAS-ın yardımı qarət etdiyini bildiriblər.

“Yardım niyə paylanır, niyə əsgərlər təhlükəyə atılır?” – Ben Qvir kabinet iclasında deyib.

Məlumatlara görə, Zamir cavabında soruşub: “Bəs istəyirsiniz yardımı dayandıraq?”

Baş nazir Netanyahu da söhbətə qoşularaq, İsrailin davam edən blokadası altında fələstinlilərin aclıq çəkdiyini səssizcə etiraf edib: “Onlar qaçırlar, çünki yemək yoxdur. Onlar çoxlu yemək tapsalar, bu cür qaçmayacaqlar,” – o, Smotriçə deyib.

Qəzza Hökumətinin Media İdarəsi 28 iyunda bildirib ki, İsrailin mühasirəsinin başlanğıcından indiyə qədər azı 66 uşaq aclıqdan ölüb və bu ölümlərə Tel-Əvivin blokadası, sərhəd keçidlərinin bağlanması və uşaq qidasına qadağa səbəb olub.

Channel 12-yə görə, Netanyahu İsrailin Baş Qərargah rəisini fələstinli mülki şəxsləri şimaldan cənuba köçürmək üçün böyük kompleks yaratmaqda yubanmaqda da ittiham edib.

Dünya Ərzaq Proqramının (WFP) icraçı direktor müavini Karl Skau The Times of Israel-ə deyib ki, İsrail Netzarim dəhlizi vasitəsilə gündə cəmi 100 yük maşını ərzağın Qəzzaya daxil olmasına icazə verir. Skau bildirib ki, Qəzzədə atəşkəs əldə olunarsa, WFP 24 saat ərzində 500-600 yük maşını yardımı tezliklə çatdıra bilər.

Qəzzanın mərkəz və cənub hissələrində isə İsrail BMT-yə yardımı paylamağa icazə vermir. Bunun əvəzinə ABŞ və İsrail təhlükəli Qəzza Humanitar Fondunu (GHF) quraraq bütün yardımı nəzarətə götürüblər.

GHF yardımı silahlı özəl təhlükəsizlik şirkətlərinin işlədiyi cəmi üç nöqtədə paylayır. Bu məntəqələr israilli hərbi mövqelərin arxasında, fələstinlilərin yaşadığı çadır düşərgələrindən uzaqda yerləşir.

Qəzza Səhiyyə Nazirliyi şənbə günü bildirib ki, GHF məntəqələrindən yemək əldə etməyə çalışan azı 743 fələstinli öldürülüb, 4.891 nəfərdən çoxu isə yaralanıb.

Haaretz 27 iyunda məlumat verib ki, israilli əsgərlər silahsız və ümidsiz fələstinlilər məntəqələrə yaxınlaşanda onlara atəş açmaq əmri alıblar.

Bununla yanaşı, İsrail yardımı qarət etməkdə ittiham olunan Qəzzadakı milisləri də silahlandırır.

İsrailin dövlət yayımçısı Makan-a bazar günü müsahibəsində milis lideri Yasir Əbu Şabab qüvvələrinin İsrail ordusu ilə əməkdaşlıq etdiyini və Qəzzada vətəndaş müharibəsinin istisna olunmadığını təsdiqləyib.

Əbu Şabab yardımı qarət etməkdə ittiham olunur və ötən ay Netanyahu hökumətinin “təhlükəsizlik rəsmilərinin tövsiyəsi ilə Qəzzada güclü yerli tayfaları fəallaşdırdığını” açıqladıqdan sonra tanınıb.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib