QafqazTimes xəbər verir ki, İraqın Həşduş-Şabi təşkilatının qüvvələri keçmiş BƏƏS partiyasının Ərbəin ziyarətinə qarşı terror planının qarşısını almağa müvəffəq olub.
İraqın Həşduş-Şabi təşkilatı bu gün səhər (cümə axşamı) bəyanat yayaraq, bu təşkilatın qüvvələrinin İraqın dörd vilayətində Ərbəin ziyarətinin təhlükəsizliyinə yönəlmiş BƏƏS partiyasının düşmən planlarını zərərsizləşdirməyə müvəffəq olduğunu açıqlayıb.
Həşduş-Şabi verdiyi açıqlamada belə bəyan edib: “Bu gün, cümə axşamı, 8 sentyabr 2022-ci il, gecə saat bir radələrində, dəqiq kəşfiyyat məlumatları və məhkəmə qərarı ilə Həşduş-Şabi qəhrəmanları, “Ləbbeykə ya Hüseyn” şüarı altında “ikinci çəkindirmə” adlı geniş miqyaslı qabaqlayıcı əməliyyat həyata keçirmiş, ölkəmizin və Ərbəin ziyarətinin təhlükəsizliyinə yönəlmiş düşmən planlarını zərərsizləşdirmişlər.”
Bu bəyanatın davamında bildirilir ki, keçmiş BƏƏS partiyası bu planı Kərbəla, Babil, Əl-Musənna və Əl-Divaniyyə əyalətlərində həyata keçirmək niyyətində olub.
Sonda həbs edilən şəxslərlə qanun çərçivəsində rəftar edildiyinə diqqət çəkən Həşduş-Şabi əlavə məlumatın daha sonra açıqlanacağını bildirib.