İran prezidenti Bakıya gedir

İran prezidenti Bakıya gedir

İran İslam Respublikasının prezidenti BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransında iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gedəcək.

İRNA-nın məlumatına əsasən, Prezident  Administrasiyası ümumi əlaqələr şöbəsinin müdiri Həbibullah Abbasi bu gün (4 noyabr) bu xəbəri elan edərək deyib: Prezident Məsud Pezeşkian BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu Sessiyasında (COP29) iştirak etmək üçün planlaşdırılan səfərdə İran nümayəndə heyətinə rəhbərlik edəcək.

Global iqlim dəyişikliyi ilə mübarizəyə həsr olunan dünyanın ən böyük tədbiri sayılan COP-un 29-cu iclası Azərbaycanın tarixindəki ən böyük beynəlxalq tədbirdir.

Hər il fərqli bir ölkənin ev sahibliyi etdiyi 29-cu “Tərəflərin Konfransı” (ingiliscə COP-“Conference of the Parties)” noyabrın 11-dən 22-dək Azərbaycan paytaxtı Bakıda, Olimpiya stadionunda keçiriləcək.

COP “Conference of the Parties”, yəni Tərəflərin Konfransı adlanır və adındakı 29 rəqəmi tədbirin sayca 29-cu olduğuna işarə edir.

Bundan əvvəlki tədbir – COP28 keçən il Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş tutub.

2015-ci ilin dekabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına üzv ölkələrin 21-ci konfransında Paris Razılaşması qəbul olunub.

Sənədi 171 ölkənin hökumətləri adından dövlət və hökumət rəhbərləri, xarici işlər, ətraf mühit nazirləri imzalayıb.

Bu sənədi 2016–cı ilin aprelində Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının Mənzil Qərargahında Azərbaycan Respublikası Hökuməti adından, keçmiş Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov imzalayıb.

COP tədbirlərinin məqsədi, Paris Sazişinin tələbi olaraq dünyada karbon qazının (CO2) miqdarını sənayeləşmədən əvvəlki dövrdə olduğu kimi 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq üzrə irəliləyişə nail olmaq olur.

Hesab olunur ki, atmosferə atılan karbon qazı emissiyaları qlobal istiləşməyə, iqlim dəyişikliklərinə gətirib çıxarır və buna görə də bunları dayandırmaq üçün beynəlxalq əməkdaşlığa ehtiyac var.

Ona görə də dünya ölkələri və maraqlı tərəflər birləşib planetin iqlimini səanye inqilabı olmamışdan əvvəlki dövrdəkinə qaytarmaq üçün birgə işlər görməlidirlər, bu, işlər də COP tədbirlərində müzakirə olunur, razılaşdırılır.

Bundan başqa, inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyinin təsirini azaltmaq və uyğunlaşmaqda kömək etmək üçün maliyyə yardımı üçün fond toplayırlar.

İnkişaf etməkdə olan ölkələrin artıq üzləşdiyi iqlim dəyişikliyinin qaçınılmaz təsirlərinə və bu təsirlərin aradan qaldırılması üçün maliyyə və digər dəstəyə ehtiyacı var. Bu dəstək olmadan inkişaf etməkdə olan ölkələr təmiz enerji mənbələrinə keçid edə, qlobal karbon qazı ifrazını azalda bilməzlər.

COP29 Konfransı iştirakçı ölkələr üçün yeni öhdəliklər götürmək və iqlim böhranını həll etmək üçün konkret addımlar atmaq üçün bir fürsətdir.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya