Hormozgan əyalətinin baş prokuroru bildirib ki, İran yanacağının qanunsuz qaçaqmalçılığı “xarici ölkələrlə əlaqəli şəkildə” həyata keçirilir.
İran Oman dənizində qanunsuz yanacaq qaçaqmalçılığı ilə məşğul olan xarici tankeri ələ keçirib və onun heyətini həbs edib. Bu barədə yarırəsmi Mehr Xəbər Agentliyi məlumat yayıb.
Hormozgan əyalətinin baş prokuroru Möctəba Qəhrəmani bildirib ki, gəmi iki milyon litr yanacaq qaçaqmalçılığı ilə məşğul olub.
Gəminin hansı ölkəyə məxsus olduğu və haraya yollandığı hələ açıqlanmayıb.
Qəhrəmani deyib: “Oman dənizində İranın dəniz sərhədləri boyunca şübhəli yanacaq qaçaqmalçılığı fəaliyyətlərinin davamlı izlənməsindən sonra, hüquq-mühafizə orqanları xarici neft tankerini yoxladılar. Daşıdığı yükə dair hüquqi sənədlərin natamam olması səbəbindən, gəmi qaçaq yanacaq daşımaq şübhəsi ilə ələ keçirildi.”
O əlavə edib ki, hadisə ilə bağlı məhkəmə istintaqı davam edir.
“Gəminin kapitanı və heyəti daxil olmaqla, ümumilikdə on yeddi nəfər hüquqi prosedurlar çərçivəsində saxlanılıb. Hazırda hakimiyyət orqanları yanacaq yükünün dəqiq miqdarını müəyyənləşdirmək üçün sübutlar toplayır, nümunələr götürür və laborator analizlər aparır, eləcə də gəminin sənədlərini yoxlayır. İstintaq başa çatdıqdan sonra məhkəmə bu işin nəticəsini elan edəcək,” – deyə Qəhrəmani bildirib.
“Xaricilərlə əlbir olub milli sərvəti talamağa çalışan yanacaq qaçaqçılarının hərəkətləri məhkəmə sisteminin və hüquq-mühafizə orqanlarının kəşfiyyat nəzarətindən yayınmayacaq. Əgər bu cinayətlər sübut olunarsa, cinayətkarlar qətiyyətlə və güzəşt olunmadan cəzalandırılacaqlar.”
Bu, İranın qaçaqmalçıları Qərb dövlətləri ilə əməkdaşlıqda ittiham etdiyi ilk hadisə deyil. 2023-cü ilin iyulunda İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ Hərbi Dəniz Qüvvələrini qaçaqmalçılarla əməkdaşlıq etməkdə və onların tutulmasının qarşısını almaqda ittiham etmişdi.
Son illərdə İran qonşu ölkələrə kütləvi şəkildə yanacaq qaçaqmalçılığına qarşı mübarizə aparır. Yanacağa tətbiq olunan yüksək subsidiyalar, aşağı qiymətlər, milli valyutanın dəyərdən düşməsi və ABŞ sanksiyalarının davam etməsi vəziyyəti daha da pisləşdirib.
Bu ilin iyul ayının əvvəlində Vaşinqton “kölgə donanması” adlandırdığı İran gəmilərinə qarşı yeni sanksiyalar tətbiq edib. ABŞ həmin donanmanı Qərb və ABŞ sanksiyalarını pozaraq milyardlarla dəyərində neft çatdırmaqda ittiham edir.
ABŞ Dövlət Departamenti bildirib ki, Vaşinqton İran rejiminin terrorizmi dəstəkləmək və öz xalqını repressiya altında saxlamaq üçün istifadə etdiyi gəlir axınını kəsmək məqsədi ilə bu addımı atıb.
Son məlumatlara görə, Çin tərəfindən İran neftinin idxalı iyun ayında xeyli artıb. Bu artımın səbəbi yaxınlaşan müharibədən əvvəlki göndərişlərin çoxalması və müstəqil neftayırma zavodlarından gələn tələbatın yüksəlməsi olub.
İyunun 25-də ABŞ Prezidenti Donald Tramp Çinin İran nefti almaqda davam edə biləcəyini bildirib. Bununla belə, ABŞ sanksiyaları, ilkin mərhələdə qismən ləğv olunacağı ilə bağlı ehtimallara baxmayaraq, qüvvədə qalır.
Tramp bu ilin əvvəlində ikinci prezidentlik müddətinə başladıqdan sonra İrana qarşı “maksimum təzyiq” siyasətini yenidən tətbiq edib və xüsusilə İran neft ixracatına sərt məhdudiyyətlər qoyub.