İran niyə Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığı dayandırmaq qərarı verdi?

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əməkdaşlığın dayandırılması, milli maraqların, nüvə obyektlərinin təhlükəsizliyinin və İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) çərçivəsində hüquqlarının qorunması üçün məntiqli və zəruri addımdır.
Qafqaz Times -ın məlumatına görə, İran İslam Məclisinin (Parlamentinin) 2025-cü il iyun ayının 25-də hökuməti BAEA ilə əməkdaşlığı dayandırmağa məcbur edən qanunu qəbul etməsi ölkənin nüvə siyasətində dönüş nöqtəsi hesab olunur.

Millət vəkillərinin yekdil razılığı və Nəzarət Şurasının təsdiqi ilə qanun qüvvəyə minib və bu qərar son illərdə İranın BAEA-ya, xüsusilə də onun baş direktoru Rafael Qrossiyə inamını ciddi şəkildə sarsıtmış təhlükəsizlik, siyasi və hüquqi narahatlıqlara məntiqli cavabdır.

İranın bu qərarının məntiqini anlamaq üçün bu addımın köklərinə, nüvə obyektlərinə qarşı təhlükəsizlik təhdidlərindən tutmuş Rafael Qrossi və BAEA-nın beynəlxalq təzyiqlər çərçivəsindəki roluna qədər məsələlərə diqqət yetirmək lazımdır.

İran parlamenti bu qanunu milli suverenlik və ərazi bütövlüyünün dəfələrlə pozulmasına cavab olaraq qəbul edib. ABŞ və sionist rejimin son hücumları BAEA-nın nəzarətində olan dinc nüvə obyektlərini hədəfə alıb ki, bu da beynəlxalq hüququn açıq şəkildə pozulması olmaqla yanaşı, agentliyin beynəlxalq qaydalara əsasən hücumu qadağan olunmuş dinc nüvə obyektlərinin təhlükəsizliyini təmin etməkdəki uğursuzluğunu göstərir.

Bu təhlükəsizlik narahatlığı Rafael Qrossinin və BAEA-nın mübahisəli fəaliyyəti ilə sıx bağlıdır. Qrossi qərəzli və siyasi məzmunlu hesabatlar təqdim etməklə neytral vasitəçi rolunu oynamaq əvəzinə, İrana qarşı düşmənçilik tədbirlərinə bəhanə yaradıb.

Məsələn, Qrossinin son hesabatları elə hazırlanıb ki, sionist rejimə İranın nüvə obyektlərinə hücum üçün bəhanə verib. Başqa sözlə, agentlik neytral vasitəçi rolunda çıxış etməkdənsə, Qərbin siyasi məqsədlərini irəlilətmək üçün alətə çevrilib və bu, əməkdaşlığın davamını qeyri-məntiqli edir.

Bu etimadsızlıq BAEA-ya qarşı daha ciddi ittihamlarla da güclənib: bəzi müfəttişlərin sionist rejim üçün casusluq etməsi.

Tehran millət vəkili Kamran Qəzənfəri bir neçə gün əvvəl verdiyi müsahibədə bildirmişdi ki, agentliyin keçirdiyi yoxlamalar nəticəsində toplanan məlumatlar İsrail və ABŞ-a ötürülüb və bu məlumatlardan İranın nüvə obyektlərinə və alimlərinə qarşı hücumlarda istifadə olunub.

Bu ittihamlar və Qrossinin İranın nüvə obyektələrinə edilən hücumları pisləməkdə susması, agentliyin və onun baş direktorunun İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin (NPT) üzvü kimi hüquqlarını təmin etməkdə uğursuz qaldığını göstərir.

İran vurğulayır ki, NPT-nin üzvü olaraq dinc məqsədli nüvə enerjisindən, o cümlədən uranın zənginləşdirilməsindən istifadə hüququna malikdir. Lakin agentlik xarici təzyiqlər altında bu hüquqları görməzdən gəlib və əksinə, İranın nüvə proqramını məhdudlaşdırmağa fokuslanıb.

Bir ölkə NPT-yə qoşulduqda, digər ölkələrin yardımı ilə dinc nüvə enerjisindən istifadə etmək hüququna sahib olur, lakin İran belə bir fayda əldə etməyib; son iki onillikdə ABŞ və Avropa nəinki kömək etməyib, əksinə, bu proqramı pozmaq üçün müxtəlif maneələr yaradıb.

Bu çərçivədə İranın BAEA ilə əməkdaşlığı dayandırmaq qərarı yalnız təhlükəsizlik təhdidlərinə və Qrossinin fəaliyyətinə cavab deyil, həm də agentliklə əməkdaşlıq şərtlərini yenidən müəyyən etmə cəhdidir. İran bu addımı 1969 Vyana Konvensiyasının 60-cı maddəsinə əsaslanaraq atıb; həmin maddə müqavilənin digər tərəfinin öhdəlikləri pozduğu halda dövlətlərə öz öhdəliklərini dayandırmağa icazə verir.

Parlamentin qəbul etdiyi qanuna əsasən, BAEA ilə əməkdaşlığın bərpa olunmasının şərti İranın nüvə obyektələrinin təhlükəsizliyinin təmin edilməsi və NPT çərçivəsində İranın təbii hüquqlarına hörmət göstərilməsidir. Bu addım NPT-dən çıxmaq anlamına gəlmir, əksinə, dinc nüvə proqramını xarici təzyiqlər və təhlükələrdən qorumağa yönəlib.

Sonda İranın baxışına görə, BAEA ilə əməkdaşlığı dayandırmaq milli maraqların, nüvə obyektələrinin təhlükəsizliyinin və Tehranının NPT çərçivəsindəki hüquqlarının qorunması üçün məntiqli və zəruri addımdır.

Bu qanunla İran beynəlxalq ictimaiyyətə açıq mesaj göndərib: əməkdaşlıq yalnız İranın hüquqları və təhlükəsizliyi tam təmin edilərsə bərpa olunacaq.

Bu addım diplomatik çətinliklər yarada bilsə də, milli suverenliyin qorunması və beynəlxalq qurumlarla münasibətlərin ölkənin maraqlarını prioritet tutan istiqamətdə yenidən müəyyən olunması üçün qəti addımdır.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib