Hadisə bu ayın əvvəlində İran qüvvələrinin eyni sularda yanacaq qaçaqmalçılığı səbəbilə xarici bir tankeri ələ keçirməsindən sonra baş verib.
23 iyul tarixində İran dövlət televiziyası xəbər verib ki, İran Hərbi Dəniz Qüvvələri ABŞ-a məxsus esminesin Tehran nəzarətindəki sulara yaxınlaşmasının qarşısını alıb və onu geri çəkilməyə məcbur edib.
Məlumata görə, İran ordusunun dəniz aviasiyası ABŞ gəmisinin üzərində dövrə vurub və xəbərdarlıq edərək həmin ərazilərdən uzaqlaşmağı tələb edib. ABŞ esminesi isə cavab olaraq İran təyyarəsini hədəf almaqla hədələyib.
“İran Donanmasına məxsus helikopter ABŞ esminesinin üzərində uçaraq ona xəbərdarlıq edib və ərazidən uzaq durmasını tələb edib,” – deyə dövlət mediası bir ordu zabitinin sözlərini sitat gətirib. “ABŞ esminesi təyyarəni hədəfə almaqla hədələyib, lakin İran pilotu missiyasını davam etdirib və xəbərdarlığını təkrarlayıb.”
Hesabata əsasən, USS Fitzgerald tərəfindən təkrar-təkrar səsləndirilən hədələrdən sonra İran ordusunun hava hücumundan müdafiə sistemi “müdaxilə edərək qəti mesaj” göndərib, helikopterin tam şəkildə qorunduğunu bəyan edib və ABŞ gəmisinə “kursunu cənuba dəyişmək” əmri verib.
Xatırladaq ki, 16 iyulda İran hakimiyyəti Oman körfəzində yanacaq qaçaqmalçılığı ittihamı ilə bir xarici tankeri saxlayıb və 17 heyət üzvünü həbs edib.
Hörmüzqan vilayətinin baş hakimi Müctəba Qəhrəmani bildirib ki, saxlanılan gəmi müvafiq sənədlər olmadan iki milyon litr yanacaq daşıyırmış və məsələ üzrə məhkəmə araşdırması başlanıb.
“Tanker kapitanı və heyət üzvləri də daxil olmaqla ümumilikdə on yeddi nəfər saxlanılıb,” – Qəhrəmani Mehr xəbər agentliyinə açıqlamasında deyib. O əlavə edib ki, yükün həcmini və qanuniliyini müəyyənləşdirmək üçün müvafiq testlər aparılır.
2024-cü ilin mart ayında İran, Çin və Rusiya ilə birlikdə Oman dənizində genişmiqyaslı hərbi-dəniz təlimlərində iştirak edib. Təlimlərdə 20-dən çox gəmi və döyüş helikopterləri yer alıb.
Rusiyanın Müdafiə Nazirliyi təlimlərin “dənizdəki iqtisadi fəaliyyətlərin qorunması məqsədilə” keçirildiyini bildirib.
Xatırladaq ki, 2023-cü ilin aprel ayında İran eyni sularda Marşall adaları bayrağı altında üzən Advantage Sweet adlı neft tankerini də saxlamışdı.