İran beynəlxalq konfransda Azərbaycanın müraciətini dəstəkləyib

İran Azərbaycanın D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına (“İslam səkkizliyi”) üzv olmaq üçün müraciətini dəstəkləyib.

D-8-in Nazirlər Şurasının Banqladeşdə keçirilən 20-ci iclasında videoformatda çıxış edən İranın xarici işlər naziri Hüseyn Əmir Əmirabdullahian bu müraciətə dəstəyini ifadə edib.

“D-8-in genişlənməsi və yeni üzvlərin cəlb olunması təşkilatın məqsədlərini reallaşdırması üçün alət ola bilər. Dost və qonşu Azərbaycan Respublikasının D-8-ə qoşulmaq hazırlığını və istəyini alqışlayırıq”, – o deyib.

Xatırladaq ki, daha əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın quruma üzv olmaq üçün müraciət etdiyini bildirmişdi.

Qeyd edək ki, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı və ya qısaca D-8 səkkiz müsəlman ölkəsini birləşdirir. D-8 Türkiyənin o dövrdəki Baş naziri Nəcməddin Ərbakanın təşəbbüsü ilə 1996-cı il oktyabrın 22-də İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransında qurulub.

Related posts

Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi

Qərbin “qadın azadlığı” şüarı səmimi deyil

İsrail generalı: İsrail ordusu Qəzzəyə nəzarət edə bilmir/Həmas yeni 3000 gənc döyüşçü cəlb edib