İntiharlar ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi açıqlama yayıb.

Agentlikdən daxil olan məlumatda deyilir:

“Son zamanlar bir sıra media subyektləri tərəfindən intihar halları ilə bağlı xəbərlərin geniş tirajlanması, xüsusən də yetkinlik yaşına çatmayan şəxslərin özünə qəsd etməsi ilə əlaqədar mövzuları işləyərkən jurnalist peşəkarlığı baxımından yol verilən qüsurlar cəmiyyətdə narahatlıq yaratmaqla, haqlı olaraq ictimai narazılığa səbəb olur.

Xüsusi vurğulamaq istərdik ki, Azərbaycan Respublikasının Audiovizual Şurası və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən bu ilin aprel ayında ölkənin bütün media subyektlərinə tövsiyə olunmuş “Redaksiya siyasəti və peşə etikası qaydaları”nda qeyd olunduğu kimi intihara cəhdlə bağlı xəbərlərin təsviri təqlid hissi oyatmamalıdır. İntiharın üsulunu və hadisənin detallarını açıqlamaq, başlığa çıxarmaq, mübaliğəyə yol vermək arzuolunan deyil, eyni zamanda jurnalist peşəkarlığının göstəricisi hesab edilə bilməz.

Zorakılıq, intihar və s. bu kimi insanların sağlamlığına və təhlükəsizliyinə dair mənfi təzahürlərlə bağlı məlumatlar adekvat tərzdə işıqlandırılmalı, onların təbliğinə və təsir gücünün artırılmasına yol verilməməlidir.

Eyni zamanda əhalinin həssas qruplarına, uşaqların, yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vuran məlumat, o cümlədən təsvirlərdən istifadə olunmamalıdır. Xatırlatmağı zəruri hesab edirik ki, uşaqlara münasibətdə “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə birmənalı şəkildə əməl edilməlidir.

Unutmaq olmaz ki, peşəkar media ictimai əhəmiyyətli informasiyalarla cəmiyyəti məlumatlandırmaq kimi şərəfli və məsuliyyətli missiyanı yerinə yetirir. İntihar halları və bu qəbildən olan digər təzahürlərlə bağlı materialları işıqlandırarkən medianı ictimaiyyət qarşısındakı məsuliyyətinə diqqətlə yanaşmağa və peşəkar həssaslıq nümayiş etdirməyə çağırırıq”.

Related posts

Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi

Pezeşkian: Siz bizim qardaşlarımızsınız

ABŞ-ın proksisi İsrail, İsrailin proksisi Azərbaycan… – Video