Amerikalı sahibkar, mühəndis və milyarder İlon Mask “Meta” şirkətinin rəhbəri Mark Zukerberqlə qarışıq döyüş sənəti (MMA) üzrə döyüşə hazırlaşır.
Mask məşhur bloqer və alim, ciu-citsu üzrə qara kəmər sahibi Leks Fridmanla birlikdə döyüş sənəti üzrə məşqlər edib.
Bu barədə Fridman öz “Twitter” hesabında paylaşım edib.
“Dünən mən İlon Maskla bir neçə saat ərzində improvizə məşqlər etdim. Onun gücü, ayaqlarını işlətmə qabiliyyəti və parterdəki bacarıqları mənə olduqca güclü təsir bağışladı. Bu, epik xarakter daşıyırdı”, – deyə o bildirib.
Fridmanın sözlərinə görə, İlon və Markın döyüş sənətləri ilə məşğul olduqlarını görmək olduqca ilhamvericidir, lakin bütün dünya üçün daha yaxşı olardı ki, onlar sadəcə məşq etsinlər, rinqdə mübarizə aparmasınlar.
O, həmçinin məşq zamanı Maskın onu yerə atdığı fotoları da paylaşıb. “Əyləncəli idi!”, – deyə milyarder bu paylaşıma şərh verib.
Qeyd edək ki, həmçinin ciu-citsu ilə də məşğul olan Zukerberq bu yaxınlarda Fridmanın podkastının qonağı olub. Onlar birgə məşq ediblər. May ayında mediamaqnat özünün ilk ciu-citsu turnirində iştirak edib, qızıl və gümüş medallar qazanıb.
Xatırladaq ki, iyunun 22-də Zukerberq Maskın hər şeyi qaydasız döyüşdə həll etmək çağırışını qəbul edib. Mask “Meta”nın internetdə “Twitter”ə rəqib olan tətbiqi işə salmaq niyyəti barədə məlumatlardan sonra Zukerberqi döyüşə çağırıb. İş adamları Las-Veqasdakı arenada döyüşməyə qərar veriblər. Daha sonra Maskın anası Mey Mask öz “Twitter” hesabında oğluna mane olduğunu, Zukerberqlə döyüşü ləğv etdiyini açıqlayıb.
Lakin UFC prezidenti (Ultimate Fighting Championship) Dana Uayt hesab edir ki, döyüş baş tutacaq və tarixdə ən çox izlənilən döyüş olacaq.
İyunun 27-də isə Mask üçqat UFC çempionu, məşhur kanadalı qarışıq döyüş ustası Corc Sen-Pyerlə birlikdə məşq etməyə və döyüşə hazırlaşmağa razılaşıb.