QafqazTimes xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisini İslam İnqilabının qələbəsinin 43-cü ildönümü münasibətilə təbrik edib.
O, təbrik məktubunda deyib: “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında əlaqələr tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış, ortaq mənəvi dəyərləri bölüşən xalqlarımızın iradəsindən qaynaqlanır. Biz belə möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimizə xüsusi önəm veririk.
Bu gün ikitərəfli əlaqələrimizin yüksələn xətt üzrə inkişaf etməsi məmnunluq doğurur. Ali səviyyəli siyasi dialoq, qarşılıqlı səfərlər və müntəzəm görüşlər, imzalanan sənədlər əməkdaşlığımızın möhkəmlənməsinə güclü təkan verir. İqtisadi-ticari, enerji, nəqliyyat və digər sahələrdə qarşılıqlı fəaliyyətimizin çərçivəsinin gündən-günə genişlənməsi bunun bariz nümunəsidir.”
İlham Əliyev belə əlavə edib: “Aşqabadda sizinlə qarşılıqlı anlaşma şəraitində keçən görüşümüzü məmnuniyyət hissi ilə xatırlayıram. Hesab edirəm ki, apardığımız ətraflı fikir mübadiləsi və müzakirələr münasibətlərimizin daha da inkişafına və keyfiyyətcə yeni mərhələyə daxil olmasına töhfə verəcəkdir.”