İİR-nın Ali Dini Rəhbəri: Seçkilər xidmət və xeyir işlərdə bir yarışma meydanıdır

Qafqaztimes xəbər verir ki, İran İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xamenei 27 May cümə axşamı İslam Şurası Məclisinin sədri və üzvləri ilə video görüş keçirib.

İnqilab Rəhbəri parlamentin son bir ildəki fəaliyyətini səy, yüksək əzmkarlıq və səmərəliliyin göstəricisi adlandırıb və qanunvericilik və icra təcrübəsinə malik qüvvələrlə yanaşı gənc və bacarıqlı qüvvələrin də olmasını parlamentin uğuru sayıb.

Ayətullah Xamenei qeyd edib: “Parlamentin fəaliyyəti bu günə qədər yaxşı olub, lakin ölkənin işlərini islah etmək üçün zəmin yaratmaq daha çox iş tələb edir və bunun üçün səbrli yanaşmaq, duygusal və emosional işlərdən çəkinmək lazımdır.”

Çıxışının başqa bir hissəsində o, prezident seçkiləri ilə bağlı məsələyə toxunaraq deyib: “Düşmənlər seçkilərin millətin məğlubiyyətinə səbəb olması üçün bütün vasitələrindən istifadə edirlər, ölkə daxilində bəziləri də bilərəkdən və ya bilməyərəkdən düşmənlərin sözünü təkrarlamağa davam edir, amma çox ümid edirəm ki, inşallah millətin səyi ilə bu seçki ölkənin şərəf və izzət mənbəyi olacaqdır.”

İslam İnqilabının Ali Rəhbəri 18 İyun seçkilərində iştirak nisbətinin az olması ehtimalı ilə bağlı bəzi narahatlıqlar barədə bunları söyləyib: “Xalqın iştirak səviyyəsinin hər hansı bir adla heç bir əlaqəsi olmadığına inanıram, xalq yalnız ölkənin problemlərini həll etmək üçün güclü idarəetmə, iradə və yüksək səmərəliliyə sahib birinin ardıncadırlar. Bu adamın hansı titula sahib olması və hansı fraksiyadan olması siyasi qruplar üçün mühüm ola bilər, amma xalq üçün əhəmiyyət kəsb etmir.”

Ayətullah Xamenei deyib: “Seçkidən əvvəl düşmən təbliğatı, “xalq iştirak etməyəcək”, “seçkilər saxtalaşdırıla bilər”, “səslər oğurlanacaq” və s. kimi propaqandalarla xalqın iştirak etməməsinə çalışır, xalqın iştirakından və seçkinin aktiv keçməsindən sonra isə belə deyirlər: “Məlumdur ki, seçkilər əvvəlcədən konstruksiyalaşdırılmışdır və qutulardan kimin adının çıxması bəllidir.” Yalnız bu gün deyil, həmişə belə olub. Həmişə eyni sözləri fərqli insanlar barəsində deyiblər. Təxmin etdikləri adam, ya da başqa biri seçildikdən sonra isə deyəcəklər ki, nə faydası var? Onun ki, heç bir səlahiyyəti yoxdur. Səlahiyyəti olmayan prezident! Bu, illərdir davam edən düşmənin təbliğat siyasətidir və bu gün də belədir.”

O, həmçinin vurğulayıb: “Seçki meydanı xidmət və xeyir işlərdə bir yarışma meydanıdır. Ona görə də kindən və ittihamlardan çəkinmək lazımdır.”

Ayətullah Xamenei, qeyri-real və aldadıcı şüarlardan çəkinməyi vurğulayaraq əlavə edib: “Namizədlər ölkənin imkanlarına və gerçəkliklərinə görə şüarlar və vədlər verməlidirlər.”

“Əxlaqi normalara ciddi riayət etmək”, “qanunları və ölkənin əsas prinsiplərini pozmaqdan çəkinmək” İnqilabın Ali Rəhbərinin namizədlərə verdiyi növbəti tövsiyə olub.

İnqilab Rəhbəri həmçinin deyib: “Seçkiləri və demokratiyanı yalnız bizim xeyrimizə olduğu müddətdə qəbul etməməli və başqasının xeyrinə olduqda, qəbul etmədiyimizi söyləməməliyik. Təəssüflər olsun ki, 1388-ci ildə bu işin acı nəticələri seçkilər tarixinə yazıldı.”

Çıxışının sonunda İnqilabın Ali Rəhbəri xalqa müraciət edib: “Seçkilər bir gündə keçirilir, amma təsirləri illər uzunu davam edir, buna görə də sahibi olduğunuz bu seçkilərə qatılaraq layiq olan birinə səs verməyiniz üçün Allahdan kömək diləyin. İnsanların seçki məntəqələrinə getməsini qadağan edənlər və seçkilərin faydasız olmasını təlqin edənlər xalqı düşündükləri barədə yalan danışırlar. Bu səbəbdən də onların dediklərinə məhəl qoymayın.”

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya