QafqazTimes xəbər verir ki, bəzi xəbər mənbələri iddia edib ki, Rusiya Hərbi Dəniz Qüvvələri Almaniyanı qorxutmaq məqsədilə keçən il keçirilən təlim zamanı ölkənin bəzi bölgələrinə nüvə hücumu barədə təklif ortaya qoymuşdur.
“Yahoo News” saytı bazar günü “Spiegel” həftəlik qəzetinə istinadən yazıb ki, Almaniyanı qorxutmaq və Ukraynaya dəstəyi azaltmaq cəhdi ilə Rusiya dəniz zabitləri keçən il keçirilən təlimlərdə Berlinə və iki alman hərbi bazasına nüvə hücumunu müzakirə ediblər.
SPIEGEL Alman təhlükəsizlik aparatındakı bir neçə mənbəyə istinadən iddia edib ki, rus zabitləri nüvə hücumları üçün üç mümkün hədəfi, o cümlədən 3,6 milyon əhalisi olan paytaxt Berlini qeyd etmişlər.
Spiegel, qeyd edilən digər hədəflərin ABŞ Hərbi Hava Qüvvələrinin Avropadakı qərargahı olan Almaniyanın cənub-qərbində yerləşən Ramştayn Hava Bazası və 20-yə yaxın Amerika nüvə başlığının yerləşdiyi güman edilən Buçel Hava Bazasının olduğunu yazıb.
Məlumata görə, bu söhbətlər ötən ilin sonunda Rusiya kreyserləri Baltik dənizində təlimlər keçirərkən dinlənilib.
Rusiyanın alman torpaqlarına nüvə zərbələri endirmək üçün konkret planlarının olmasının əsaslı səbəbi olmasa da, hərbi təlimlərdə bu cür söhbətlərə tez-tez rast gəlinir. Lakin bu, Almaniya və Qərbi qorxutmaq məqsədi daşıya bilər.
Hazırda Almaniyada Soyuq Müharibə dövründə çox güclü şəkildə hiss edilən nüvə müharibəsi qorxusu yenidən yaranıb və şəxsi sığınacaqların tikintisinə tələbat artıb.