İbrahim Qalxanı heç də bir sülh planı deyil, əksinə qarşılıqlı sabitlik və rifah haqqında PR dili (PR dili burada tənqidi şəkildə istifadə olunur — reallığın üzərinə şəkər qatıb onu daha qəbulolunan və “sivil” göstərmək üçün istifadə edilən riyakarlıq dili kimi) ilə bəzədilmiş müharibə planıdır.
12 günlük İsrail–İran müharibəsindən cəmi bir neçə gün sonra, Təl-Əviv sürücülərini nəhəng rəqəmsal bir lövhə qarşılayırdı – parlaq geyimlərindəki Fars Körfəzi şahzadələri, ütülü kostyumlarda ərəb prezidentləri, hamısı qalın hərflərlə yazılmış “İbrahim Alyansı” başlığı altında toplanmışdı.
Kimlərin rəsmi şəkildə bu alyansa qoşulduğu haqqında heç bir izah yox idi, “davam edən məsləhətləşmələr” barədə heç bir qeyd yox idi. Təsvir heç bir fərq qoymurdu. Mesaj aydın idi: rəsmi elan edilib-edilməməsindən asılı olmayaraq, bu hökumətlər işğalçı dövlətin regional vizyonuna artıq qoşulmuşdular.
İllərdir ərəb hökumətləri ikiüzlü siyasət aparır – Fələstinlə həmrəylik bəyanatları verir, eyni zamanda Təl-Əvivlə hava məkanını, kəşfiyyatı və sərmayələri koordinasiya edirlər. Səudiyyə Ərəbistanı dəfələrlə bildirir ki, Fələstin dövləti məsələsində irəliləyiş olmadan normallaşma olmayacaq, amma eyni zamanda İsrail təyyarələri onun səmasında sərbəst uçur, biznes nümayəndə heyətləri səssiz şəkildə dəyişdirilir.
Bəs bu lövhə həqiqəti üzə çıxarırdı, yoxsa sadəcə uzun müddət inkar ediləni təsdiqləyirdi?
Lövhənin arxasındakı plan
Bu sadəcə PR addımı deyildi. Bu, Qəzzanı nəzarət olunan bir laboratoriyaya çevirmək, ərəb dövlətlərini anti-İran alyansına cəlb etmək və sərhədləri nə müharibə, nə də danışıqlarla deyil – yalnız güc və şəriklik vasitəsilə yenidən çəkmək strategiyasının açıq nümayişi idi.
Bu lövhənin arxasında duran plan şayiə deyil, mart ayında 100-dən çox sabiq israilli general, kəşfiyyatçı və diplomat tərəfindən hazırlanmış rəsmi siyasət sənədidir. “İbrahim Qalxanı” adlanan bu planın “sabitlik” və “birgə rifah” kimi ritorikası, “Böyük İsrail” layihəsinin genişləndirilməsi üçün hazırlanmış bir strategiyanı gizlədir.
Sadə dildə desək, bu plan aparteidi rəsmiləşdirir, Qəzzada demoqrafik silinməni həyata keçirir və Fələstini bir nümayəndə hakimiyyəti ilə idarə olunan passiv bir əraziyə çevirir.
Planda altı əsas sütun göstərilir:
– Qəzzanın transformasiyası – HƏMAS-ın məhv edilməsi və xarici qüvvələr tərəfindən dəstəklənən keçid hakimiyyətinin qurulması;
– Silahsızlaşdırma – on illərlə qapalı sərhədlər, tərksilah və rəqəmsal müşahidə ilə Qəzzanın nəzarət zonası halına salınması;
– İqtisadi bərpa – yalnız biometrik və nağdsız iqtisadi sistemlə mümkün olacaq və itaət edənlər mükafatlandırılacaq, qarşı çıxanlar cəzalandırılacaq;
– Regional nəzarət koalisiyası – İsraillə kəşfiyyat və təzyiq vasitələrini birləşdirən “İbrahim Alyansı”;
– Suriya bufer zonası – cənubda rejim dəyişikliyi və İsrailin təhlükəsizlik dəhlizi vasitəsilə Suriya suverenliyinin qırılması və İranın təsirinin məhdudlaşdırılması planı;
– İranın təcridi – sanksiyalar, sabotaj, sui-qəsdlər və diplomatik təcrid vasitəsilə İranın regional təsirinin sıradan çıxarılması.
“Hamastandan Abrahamstana”: işğalın lüğəti
İbrahim Qalxanı yalnız əraziyə dair layihə deyil, həm də dilə dair bir kampaniyadır.
Corc Oruell “1984” adlı kitabında izah edirdi ki, alternativləri məhv etmək üçün dil necə silaha çevrilir. Amerikalı professor Noam Çomski isə bunu “razılığın istehsalı” adlandırırdı. Qalxanın ritorikasında Qəzza artıq işğal olunmuş və mühasirəyə alınmış ərazi deyil.
O, artıq “Hamastan” adlandırılır – məhv edilməsi həm əsaslandırılan, həm də fəzilətli sayılan uğursuz bir eksperiment. İsrailin Baş naziri Benyamin Netanyahunun özü belə “Hamastana icazə verilməyəcək” deyərək Qəzzanın məhvinin ideoloji əsasını ortaya qoymuşdu.
İroniya göz qabağındadır. On ildən çoxdur ki, İsrail kəşfiyyatı HƏMAS-ı səssizcə dəstəkləyirdi – bunu dəstək üçün deyil, strateji məqsədlə edirdi – Fələstin birliyini parçalamaq üçün daxili qarşıdurmanı qızışdırmaq. MOSSAD, Qətərdən göndərilən yardımları guya humanitar məqsədlərlə koordinasiya edir, əslində isə FƏTH-ə qarşı nəzarətli bir daxili rəqibin möhkəmlənməsinə çalışırdı.
İndi isə bu eyni strategiya Qəzzanın silinməsi üçün əsas kimi istifadə olunur. Qalxan sənədində Qəzza “idarəolunmaz” adlandırılır və İsrailin və regionun nəzarəti altında “bərpa” tələb olunur.
Sənədin səhifələri “azadlıq” və “bərpa” kimi sözlərlə doludur. Bombalanmalar “mülki asayişin bərpası əməliyyatları” kimi təqdim olunur. Biometrik yoxlama məntəqələri “təhlükəsiz hərəkətlilik” adlandırılır. Kütləvi köçürmə “müvəqqəti humanitar relokasiya” kimi izah olunur.
Bu sadəcə semantika deyil, bu bir strategiyadır. İşğal xilas kimi göstərilir, etnik təmizləmə isə “inkişaf” dili ilə ört-basdır olunur.
Bu distopiyada, Fələstin siyasi həyatının dağıdılması nə eskalasiya, nə də zorakılıq sayılır – bu sadəcə “düzəliş” kimi təqdim olunur. Nəticə? Abrahamstan – burada itaət və normallaşma “sülh” kimi yenidən brend edilir.
Kamerada həmrəylik, siyasətdə itaət
Ərəb dövlətləri bu gün tam zehni parçalanma içində fəaliyyət göstərirlər – kameralar qarşısında işğalçı dövlətin hərbi cinayətlərini pisləyir, pərdəarxasında isə onun aparteid siyasətini maliyyələşdirirlər – bu ikiüzlülük nə gizlədilir, nə də utanılır, əksinə, nümayiş etdirilir və bəzən hətta qeyd-şərtsiz alqışlanır.
Kommunikasiya nəzəriyyəçisi Marşall Makklyuen xəbərdarlıq edirdi: “Media özü mesajdır.” Amma ərəb dünyasında bu mesaj, sosioloq Jan Bodriyarın “hiperreallıq” adlandırdığı hala çevrilir – gerçəkdən daha inandırıcı bir tamaşaya.
Səudiyyə Ərəbistanı bu teatrın ustasıdır. Ər-Riyad israr edir ki, Fələstin dövləti olmadan normallaşma mümkün deyil. Lakin eyni zamanda İsrail təyyarələri Səudiyyə hava məkanından sərbəst istifadə edir, iqtisadi əlaqələr vasitəçilər üzərindən dərinləşir. İranla son diplomatik yaxınlaşma isə, strateji yenidənqurma kimi təqdim olunsa da, əslində balans görüntüsü yaradaraq Təl-Əvivlə kanalların qorunmasına xidmət edir.
BƏƏ isə artıq simvolik formalara belə ehtiyac görmür. İbrahim Sazişlərindən sonra, əmirlik şirkətləri İsrailin izləmə texnologiyalarına və silah sənayesinə milyonlarla dollar sərmayə yatırıb. 2023-cü ildə, Qəzza bombalanarkən, BƏƏ xarici işlər naziri Abdullah bin Zayed hadisələri “son dərəcə narahatedici” adlandırmış, eyni zamanda İsrail ticarət missiyasını Əbu-Dabidə qəbul etmişdi.
Mərakeş isə daha da irəli gedib. 2024-cü ilin əvvəlində İsrailin müharibə cinayətlərində ittiham olunan Qolani Briqadası ilə birgə hərbi təlimlər keçirdi – buna “texniki potensialın artırılması” deyərək eyhamla yanaşıldı.
Misirin mövqeyi daha strukturlaşdırılmışdır. Prezident Əbdülfəttah əs-Sisinin rəhbərliyi altındakı hökumət, Beynəlxalq Valyuta Fondundan (BVF) alınmış 20 milyard dollardan çox borc ilə qandallanmış vəziyyətdədir və enerji şəbəkəsini işlətmək üçün İsrail qazından asılıdır. Açıq şəkildə Təl-Əvivin “həddini aşmasını” qınasa da, pərdəarxasında Sinaidə təhlükəsizlik əməkdaşlığı aparır və Rəfah keçidini bağlı saxlayır.
İordaniya isə müqavimət iddiasını TikTok teatrına endirib. Kral II Abdullahın ağır koreoqrafiyalı çıxışları – zirehli maşınlardan tullanmaq, tüfənglərlə poz vermək, sahədə komandir kimi görünmək – əslində acınacaqlı bir reallığı gizlədir.
Region mediasında geniş yayılmış viral bir videoda, İsrailin Milli Təhlükəsizlik Komitəsinin sədri Boaz Bismutun belə dediyi iddia edilir: “İordaniya kralını gecə yarısı oyadıb əmr verə bilərik.” Təl-Əviv bu ifadəni rəsmən təsdiqləməyib, amma videonun populyarlığı, İordaniya monarxiyasının artıq real müstəqilliklə hərəkət etmədiyi barədə bölgədəki geniş yayılmış təsəvvürü ortaya qoyur.
Dəməşqdə lövhə
Hətta Suriyada da müqavimətin qalıqları ələ keçirilib. May ayında, keçmiş Əl-Qaidə əlaqəli Heyət Təhrir əş-Şam (HTŞ) təşkilatının rəhbəri olmuş və “Əbu Məhəmməd əl-Culani” ləqəbi ilə tanınan müvəqqəti prezident Əhməd əl-Şəraa, Dəməşqdəki yəhudi icması nümayəndələrinə bildirib ki, onun radikal sünni ekstremizminə əsaslanan administrasiyası ilə İsrail “ortaq düşmənlərə” malikdir.
Bir ay sonra, İsrailin baş qərargah rəisi cənub Suriyada görüntüləndi, bu isə dolayı normallaşma danışıqları ilə bağlı xəbərlərin fonunda baş verdi. Müqavimətin külləri belə artıq normallaşma memarlığında istifadə olunur.
Bu xətt o vaxt möhkəmləndi ki, Dəməşqin mərkəzində bir lövhə peyda oldu – Şəraa ilə ABŞ Prezidenti Donald Trampın birlikdə əks olunduğu afişada “Güclü liderlər sülh yaradır” şüarı yazılmışdı.
Fransız sosioloq Pyer Burdye bu fenomeni simvolik zorakılıq adlandırırdı – bir dünyagörüşünün o qədər total şəkildə qəbul etdirilməsi ki, artıq gerçək kimi görünür. Bu, “İbrahim Qalxanı”nın məntiqidir. Ərəb hökumətləri azadlıq şüarları səsləndirir, amma gerçəkdə torpaqların əlindən alınmasını asanlaşdırırlar – və bu xəyanəti açıq şəkildə “praqmatizm” adı altında təqdim edirlər.
Mənbə: The Cradle