Haaretz qəzetindən İran hücumlarının yaratdığı israilli qaçqın böhranı ilə bağlı reportaj: Hər şey məhv oldu

İsrailin Haaretz qəzetinin İranın son raket hücumları nəticəsində evlərini itirərək qaçqın düşmüş bir neçə israilli ilə apardığı müsahibələr, bu hücumların yaratdığı iqtisadi və psixoloji fəlakətin miqyasını ortaya qoyur. Məlumatlara görə, bu insanlar hökumətin laqeydliyi fonunda yardım ala bilmir, ciddi çətinliklər yaşayırlar.

Fransa əsilli israilli Merav Qador bildirib ki, Tel-Əvivin Ramat Qan şəhərindəki evləri İranın raket hücumunda tamamilə dağılıb. “Mənə ən çox təsir edən evin fiziki itkisindən çox, həyatımın dağılmasıdır,” – deyə o vurğulayıb. Hal-hazırda ailəsi ilə birlikdə oteldə yaşayır, kompensasiya alma prosesinin isə son dərəcə ləng getdiyini söyləyir.

Bir əl-Səba şəhərində yaşayan Martin Kraus isə deyir ki, 15 ildir yaşadığı ev tamamilə məhv olub və ailəsi faktiki olaraq evsizdir. Əvvəlcə qohum və dostların evində qalmaq məcburiyyətində qalıblar, indi isə tamamilə qeyri-müəyyən vəziyyətdədirlər. Həmçinin onun əsas gəlir mənbəyi olan keramika emalatxanası da dağılıb.

O bildirir: “Əşyalarımız müxtəlif yerlərə səpələnib, sabit gündəlik həyatımız yoxdur. Maşında yerdən yerə köçməli oluruq. Ən ağır olan evin itirilməsidir.”

62 yaşlı Miqda Rangloff Bet Yam şəhərindəki mənzili dağılarkən ölkəni tərk edərək Bolqarıstanda yaşayan qızının yanına getdiyini, vəziyyət bir qədər sakitləşdikdən sonra isə bəzi şəxsi əşyalarını yığmaq üçün İsrailə qayıtdığını bildirib.

Onun qızı Kristaniya deyir ki, maliyyə baxımından vəziyyətləri çox ağırdır və heç bir ehtiyat vəsaitləri yoxdur. Hökumətdən maddi kompensasiya və mənzil yardımı almağa çalışsalar da, prosedurlar çox uzanır və səlahiyyətli orqanlar bu insanlara yetərincə diqqət yetirmir.

Haaretz yazır ki, İranın hücumları nəticəsində yaranan böhran təkcə ölüm və yaralanmalarla məhdudlaşmır. Bir çox ailə evsiz qalıb və ciddi iqtisadi-psixoloji sarsıntılar yaşayır, lakin hökumət onların vəziyyətinə ləng reaksiya verir.

Qəzet bildirir ki, İsraillilər çoxlu müharibə görsə də, İranla münaqişə əvvəlkilərdən fərqlidir. İlk İran raketi təkcə Tel-Əvivin mərkəzinə deyil, İsrailin ictimai ruhuna da dəydi. Cəmiyyət artıq başa düşür ki, ölkə tam təhlükəsiz deyil.

Haaretz əlavə edir: İran raketlərinin Ramat Qan, Tamra və digər şəhərlərdə yaratdığı dağıntılar, əslində, İsraillilərin Qəzzada gördüyü mənzərələrə bənzəyir. Bu da onu göstərir ki, Qəzzaya bir ton yarım partlayıcı atıldıqda bunun nə demək olduğunu anlamaq mümkündür. İsrail əgər Qəzzaya təkcə hərbi qələbə və təhlükəsizlik prizmasından deyil, mülki insanların qorxusu və həyatı baxımından yanaşsaydı, müharibənin fəlakətli nəticələrini daha dərindən anlayardı.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib