“Həftəlik rüşvət toplanmayanda Vilyam Hacıyev deyirdi ki…” – Şahid

İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Gundem.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili müvəkkili barəsində elan olunmuş Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsi ilə bağlı ittihama aydınlıq gətirib. Vəkil bildirib ki, orada söhbət bir neçə ov tüfəngi barıtından gedir.

Daha sonra məhkəmədə şahidlər ifadə verib. Şahid qismində ilk olaraq, İmişli Rayon İcra Hakimiyyətində hüquq şöbəsinin müdiri olan Rahim Zahidov ifadə verib. R.Zahidov bildirib ki, işini itirməmək üçün qanuni və qanunsuz bütün tapşırıqları yerinə yetirməli olub: “Vilyam Hacıyev tərəfindən vətəndaşlara mənzillərin verilməsi və torpaqların icarəyə verilməsi ilə bağlı tapşırıqlar verilirdi. Mənzillərin verilməsi zamanı qanunsuzluqlar olurdu. Mənzil növbəsində olan adam qalırdı kənarda, başqa adamlara ev verilirdi. Dəfələrlə başçının özünə də deyirdim ki, növbədə dayanan adamlar var, onların hüququ pozulur. Cavabı da belə olurdu ki, mən deyirəmsə, edilməlidir. Mənzillərin satış qiymətləri isə otaq sayına görə dəyişirdi. Məsələn, yadımdadır ki, 2 otaqlı mənzilə görə 10 min manat, 3 otaqlıya görə 18 min manat alınırdı.”

Şahid torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı da danışaraq bildirib ki, İcra Hakimiyyəti tərəfindən müəyyən torpaq sahələri də rüşvət müqabilində satılırdı: “Məsələn, bir nəfərə 70-80 min manata torpaq sahəsi satılmışdı. Torpaq satışı ilə bağlı məsələlər dövlət torpaq şöbəsi ləğv olunana qədər davam etdi”.

Məhkəmədə müdafiə tərəfi vəsatət qaldıraraq şahidin ifadəsində səsləndirdiyi epizodlara görə cinayət məsuliyyətinə cəlb edilməsini istəyib: “Bu şəxs hələ də icra hakimiyyətində eyni vəzifədə işləyir, demək dediyi əməlləri indi də davam etdirir. Həmçinin, özünün dediyinə əsasən, qanunsuzluqları görsə də, susub. Xahiş edirik tədbir görülsün”.

Vəsatətə münasibət bildirən Vilyam Hacıyev şahidə ondan əvvəl işləmiş icra başçılarının vaxtında qanunsuzluqlar olub-olmadığını soruşub. Şahid isə ona “Xeyr, sizdən əvvəl olmayıb. Çünki onlar qanunsuz tapşırıqlar vermirdi”, cavabını verib.

İmişli Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin rəhbəri Nazim Rəsulov da məhkəmədə şahid qismində ifadə verib. Şahid V.Hacıyevin ondan həftəlik hesabatlar tələb etdiyini deyib: “Görülən işlər haqqında yox, həftə ərzində yığılan rüşvətlə bağlı ona hesabat verilirdi. Soruşurdu nə qədər rüşvət toplanıb, rüşvət daxil olmayanda deyirdi ki, işləmirsiz də”.

Proses fevralın 7-də davam etdiriləcək.

Qeyd edək ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

İstintaq orqanı tərəfindən toplanmış materiallarla sabiq icra başçısı barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham elan olunub.

Related posts

Pezeşkian: Siz bizim qardaşlarımızsınız

ABŞ-ın proksisi İsrail, İsrailin proksisi Azərbaycan… – Video

Qusarçayın üzərindəki körpü BAĞLANDI – FOTO/VİDEO