Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin rəisi Məsum Rəsulov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərardan verilmiş şikayətə baxılıb.
Bakı Apellyasiya Məhkəməsində hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.
Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Xatırladaq ki, rəsmi məlumat görə, Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin rəisi vəzifəsində işləyən Rəsulov Məsum Eynalı oğlunun vəzifə səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə, qabaqcadan əldə edilmiş sövdələşməyə uyğun olaraq Dövlət Gömrük Komitəsinin digər vəzifəli şəxsləri vasitəsilə “Azərterminalkompleks” Birliyi tərəfindən hüquqi xidmət, reklam işləri, təlim-tədris və texniki servis xidmətlərinin göstərilməsi adı altında “Azerbaijan Legal Consulting İnternational Services” MMC, “Nanoc” MMC, “Veqa-Servis” MMC, “Meqan Group” MMC, “Omega Servis IKO” MMC, “Delta Servis İKO” MMC və digər şirkətlərin hesabına köçürülən, müvafiq işlər görülmədən və xidmətlər göstərilmədən nağdlaşdırılaraq geri qaytarılan xüsusilə külli miqdarda dövlət büdcəsi vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən olunub.
Həmçinin Məsum Rəsulovun, müsadirəsi nəzərdə tutularaq “Azərterminalkompleks” Birliyində saxlanılan müxtəlif adda siqaret məhsullarını Silahlı Qüvvələrimizin düşmənlə təmas xəttində xidmət edən hərbi qulluqçularına paylanılması üçün Müdafiə Nazirliyinin aidiyyəti struktur bölmələrinə deyil, şəxsi münasibətdə olduğu əməkdaşına müvafiq tələblərdə rəsmiləşdirmə aparılması ilə bağlı qanunla müəyyən edilmiş prosedur qaydaları pozmaqla təhvil verərək külli miqdar dəyərində siqaret məhsullarının təyinatı üzrə çatdırılmaması nəticəsində dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.
Məsum Rəsulov 14 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.