Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın keçid hökumətinin rəhbəri Əhməd əl-Şaraa ilə telefonla danışıb.
Qafqaz Times-ın Anadolu Agentliyinə istinadla verdiyi məlumata görə, Ərdoğanla Əl-Şaraa arasında baş tutan telefon danışığında İsrail rejiminin hücumlarından sonra Suriyadakı son vəziyyət müzakirə olunub.
Türkiyə Prezident Aparatının Kommunikasiya İdarəsinin məlumatına əsasən, Ərdoğan bu telefon danışığında bildirib ki, İsrail rejiminin Suriyaya hücumları qəbuledilməzdir və bu təcavüzkar davranış bütün bölgə üçün təhlükə yaradır.
Türkiyə Prezidenti vurğulayıb ki, Ankara Suriyalıların yanında olmağa və onlara dəstək verməyə davam edəcək.
Ərdoğan həmçinin Suriyada drüzilərlə əldə olunan atəşkəsi məmnuniyyətlə qarşıladıqlarını qeyd edib.
Əhməd əl-Şaraa isə Türkiyə Prezidentinə Suriyanın siyasi birliyi, ərazi bütövlüyü və suverenliyinin qorunması istiqamətində verdiyi dəstəyə görə təşəkkürünü bildirib.