DTX dövlət büdcəsindən milyonlarla manat oğurlayan şəxsi tutdu – “Broker Əbülfəz” kimdir?

“Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikov həbs edilib.

Əbülfəz Məlikov Dövlət Təhlükəsizliyi Xidmətində Dövlət Gömrük Komitəsinin yüksək vəzifəli şəxsləri barəsində davam edən cinayət işi çərçivəsində saxlanılıb.

O, külli miqdarda dövlət büdcəsində milyonlarla manat vergi və gömrük ödəmələrindən yayınmaqda və vəzifə saxtakarlıqlarında ittiham olunur.

Səbail Rayon Məhkəməsində onun barəsində verilən təqdimata baxılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

“Broker Əbülfəz” adı ilə tanınan və gömrük sistemindəki monopolist sistemin əsas fiquru hesab edilən Ə.Məlikovun həbsi cəmiyyətdə geniş müzakirə olunur. Onun uzun illərdir gömrük sistemində ölkəyə idxal edilən bir sıra məhsulların hüququna yiyələndiyi, özünə böyük biznes imperiyası yaratdığı bildirilir.

Mətbuatda yayılan məlumatlar, eləcə də sosial şəbəkələrdə bir çox tanınmış şəxslərin yazdıqları Əbülfəz Məlikovun ətrafındakı müzakirələri daha da qızışdırıb. Onun haqqında ən sensasiyalı fikirləri isə Dövlət Gömrük Komitəsinin sabiq sədr müavini, keçmiş deputat, politoloq Cümşüd Nuriyev deyib. C.Nuriyevin iddialarına görə, Əbülfəz Məlikov Rusiyada böyük biznesi olan, milyarder, əslən erməni olan Ara Abramyanın bacısının əridir. Sabiq deputatın bu açıqlamasından xeyli vaxt keçməsinə baxmayaraq, qarşı tərəf bu iddia ilə bağlı hər hansı bir fikir səsləndirməyib, münasibət bildirməyib.

Digər məlumatlara görə, Əbülfəz Məlikov məşhur iranlı iş adamı Mənüçöhr Əhədpurun yaxın qohumudur. Mətbuatda yayılan iddialara görə, M.Əhədəpur da erməni əsillidir və daha əvvəl Manukyan soyadını daşıyıb. Onun İran və Rusiyada böyük biznes şəbəkəsi var.

Bildirilir ki, əslən Şamaxıdan olan Əbülfəz Məlikov biznesə siqaret satışı ilə başlayıb. “28 May” metrosunun qarşısında kiçik siqaret satışı yerləri olan Məlikovun Azərbaycana ilk dəfə qeyri-qanuni yollarla siqaretlərin gətirilməsi işini həyata keçirdiyi iddia olunur. Belə ki, illər əvvəl Bakıda Dağıstan, Rusiya və əsasən İran istehsalı olan siqaretlərin çoxluq təşkil etdiyi dövrdə həmin məhsulların Əbülfəz Məlikovun təşkilatçılığı ilə gətirildiyi qeyd edilir. Bundan sonrakı dövrdə isə onun iranlı iş adamı Mənüçöhr Əhədpurla yaxınlığı, qohum olması və biznesini böyütdüyü bildirilir.

Qeyd edək ki, bir müddətdir hüquq-mühafizə və xüsusi xidmət orqanları Dövlət Gömrük Komitəsində araşdırmalar aparır. Bu çərçivədə komitənin rəhbərliyi vəzifədən azad edilib, bir neçə general və digər yüksək vəzifəli şəxslər həbs edilərək barələrində cinayət işi açılıb. 

Related posts

Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi

Pezeşkian: Siz bizim qardaşlarımızsınız

ABŞ-ın proksisi İsrail, İsrailin proksisi Azərbaycan… – Video