2023-cü ilin oktyabrından bəri 120,000-dən çox məskunçu “terrorla mübarizə” adı altında silahlandırılıb – bu kampaniyaya milli təhlükəsizlik naziri rəhbərlik edir
İsrail polisi işğal altındakı Qərb Sahilindəki qeyri-qanuni məskunlaşma bölgələrindən olan məskunçu könüllülərdən ibarət yeni bir bölmə yaradıb. Bu bölmə “hücumyönlü düşüncə tərzi” ilə fəaliyyət göstərəcək və “terror hücumlarına dərhal cavab vermək” məqsədi daşıyır.
Yeni bölmə axşam saatlarında işğal olunmuş Qərb Sahilində, Həbronda yerləşən “Patriarxların qəbri”ndə keçirilən mərasimlə rəsmi şəkildə istifadəyə verilib. İsrail polisindən məsul olan milli təhlükəsizlik naziri İtamar Ben Qvir, bölməyə seçilən şəxslərə müraciət edib.
Ben Qvir bildirib ki, qeyri-qanuni Efrat, Guş Etzion, Kiryat Arba və Həbron məskunlaşmalarında yerləşəcək yeni qüvvəyə artıq 105 məskunçu cəlb edilib.
“O dəstələr artıq ‘müdafiə düşüncə tərzindən’ çıxaraq döyüşkən, militant və hücumyönlü düşüncə tərzinə keçid edirlər,” – deyə Kiryat Arba məskunlaşmasında yaşayan nazir bildirib. 2022-ci ilin oktyabrında həmin məskunlaşma, xüsusilə də Ben Qvirin yaşadığı ev atəşə tutulmuşdu.
Polis komissarının müavini Avşalom Peled və Qərb Sahili dairəsinin komandiri Moşe Pinçi tədbirdə iştirak ediblər.
İsrail polisinin rəhbəri Danni Levi isə işğal olunmuş Həbrondakı mərasimə qatılmayıb.
Polisin verdiyi açıqlamaya görə, məskunçu könüllülərə “xüsusi polis səlahiyyətləri” verilib və onlar yaxın zamanda “terrorla mübarizə” təlimi keçiblər. Onlara həmçinin döyüş ləvazimatları, o cümlədən silah və qoruyucu formalar təqdim edilib.
Yeni bölmənin ilk şöbəsi işğal altındakı Qüdsün şərqində yerləşən Maale Adumim məskunlaşmasında yaradılıb – bu haqda həmin məskunlaşmanın meri Qay Yifrax may ayının sonlarında açıqlama verib.
2023-cü il 7 oktybrdan etibarən Ben Qvir işğal olunmuş Qərb Sahilindəki məskunlaşmalarda yaşayanları silahlandırmaq üçün xüsusi kampaniyaya rəhbərlik edir.
2024-cü ilin oktyabrına qədər 120,000-dən çox atəşli silah məskunçular arasında paylanıb. O vaxt Ben Qvir bildirmişdi ki, on minlərlə əlavə məskunçunun da silahlandırılması nəzərdə tutulur. Bu kampaniya “terrordan qorunmaq” adı altında aparılsa da, nəticədə silahsız fələstinlilərin, o cümlədən uşaqların məskunçular tərəfindən öldürülməsinə səbəb olub.
İşğal altındakı Qərb Sahilində müqavimət əməliyyatları həyata keçirən fələstinlilər tez-tez silahlı məskunçular tərəfindən hədəf alınıb və öldürülüb. Bəzi hallarda isə bu şəxslər İsrail əsgərləri və ya polis tərəfindən qətlə yetirilib.
İsrail ordusu cümə axşamı elan edib ki, işğal altındakı Qərb Sahilində, Cenin yaxınlığındakı Rummanə kəndində keçirilən əməliyyat zamanı bir əsgər bıçaqlanıb. Bıçaqlama əməliyyatını həyata keçirən fələstinli əsgərlər tərəfindən öldürülüb, yaralanan əsgər isə orta ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Bu bıçaqlama hadisəsi, son vaxtlar işğal olunmuş Qərb Sahilində fələstinlilərə qarşı artan məskunçu zorakılığı fonunda baş verib.
Məskunçular fələstinlilərə məxsus torpaqlarda yanğınlar törətmək, ailələri zorla köçürmək və qeyri-qanuni torpaq ələ keçirmə hallarını artırıblar. Bu zorakılıq, ərazidəki qeyri-qanuni məskunlaşmaların dövlət tərəfindən genişləndirilməsi və Qərb Sahilinin ilhaqı planlarının sürətləndirilməsi ilə paralel şəkildə davam edir.
Bu arada, İsrail qüvvələri ilin əvvəlində başladılan sərt əməliyyat çərçivəsində işğal altındakı Qərb Sahilindəki qaçqın düşərgələrində evləri sistematik şəkildə dağıtmaqda davam edir.
On minlərlə fələstinli Tulkarim və Cenin şəhərlərindən məcburi şəkildə köçürülüb.
Tulkarim qubernatoru Abdullah Kamil 9 iyul tarixində bildirib ki, şəhərdə dağıntılar daha da intensivləşib – Nur Şəms Düşərgəsi və ərazidəki digər əsas qaçqın düşərgəsində 106 ev və 104 digər bina məhv edilib.
“O düşərgədə heç nə qalmayıb, ora artıq ruhlar düşərgəsinə çevrilib,” – deyə Kamil Tulkarim düşərgəsini təsvir edib.